“Noyabrın 4-8-də Qəbələdə yaxşı təlim-məşq toplanışı keçdik. Həm daxili çempionatda çıxış edən, həm də ölkə xaricində oynayan uşaqlar yaxşı formadadırlar”.
Msport.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.
O, AFFA.az saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib: “Hazırda bütün diqqətimizi Macarıstan yığmasına qarşı keçirəcəyimiz ilk oyuna kökləmişik. Bu matçın üzərində ətraflı təhlil aparmışıq. Macarıstan yığması püşkatma zamanı A səbətindən çıxıb, güclü komandadır. Buna baxmayaraq, komanda olaraq ilk oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
Baş məşqçi hər oyuna qələbə qazanmaq üçün çıxacaqlarını deyib: “Yunanıstan və Rumıniya komandalarını da təhlil etmişik. Buradakı matçlarını canlı izləməyə və futbolçuları buna uyğun məlumatlandırmağa çalışacağıq. Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alan U-17 noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan və 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.