AZ

Azərbaycan FAO ilə Niyyət Bəyannaməsi imzalayıb - FOTOLAR

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) təşəbbüsünə daxil edilmiş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, nazir Məcnun Məmmədovun FAO-nun Baş Direktoru Qu Dongyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imza atılıb.

COP29-un Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda baş tutan görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

M.Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. O, bildirib ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. FAO Azərbaycanın ən mühüm beynəlxalq tərəfdaşlarından biridir. Azərbaycan bu təşkilatla kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Q.Dongyu öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olunması üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. COP29 kimi tədbirlər aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verir. Q.Donqyu aqrar sahənin dayanıqlı inkişafı, səmərəli, peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.

Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Seçilən
22
17
sesqazeti.az

10Mənbələr