Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur.
İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: “Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim.” Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir. Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.
Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb. Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.
Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.
Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır.
Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.