AZ

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq - Şavkat Mirziyoyev

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq.

Milli.Az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

"Biz qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirilməsinə başlamışıq. Yaxın günlərdə Avropa İttifaqına ekoloji təmiz enerji tədarükü üzrə çoxtərəfli saziş imzalayacağıq", - o bildirib.

Prezidentin sözlərinə görə, Özbəkistanın Paris Sazişi çərçivəsində əsas məqsədi regionda temperaturun 1,5 dərəcə səviyyəsində saxlanmasını təmin etməkdir.

"Bu istiqamətdə biz Özbəkistanda karbon neytrallığını əldə etmək üçün geniş miqyaslı islahatlar həyata keçiririk. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı hədəfləyirik və bu öhdəliyi 2050-ci ilə qədər uzatmağa hazırıq. Yaşıl enerjinin payını 40 faizə çatdıracağıq", - deyə Ş.Mirziyoyev əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
29
4
milli.az

6Mənbələr