AZ

COP29-da müxtəlif ölkələrin ekofəalları biomüxtəliflik mövzusunda müzakirə aparıblar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yerin qəyyumları: biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi" mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə müxtəlif ölkələri, o cümlədən Aruba və Dominika ada dövlətlərini təmsil edən gənc ekofəallar iştirak ediblər.

Nepallı ekofəal Priyanka Pandey çıxışında ölkəsində parkların, təbiət qoruqlarının mühafizəsinin yerli ictimaiyyətin nəzarətinə verilməsini vacib hesab etdiyini bildirib. İqlim dəyişmələrinin biomüxtəlifliyə təsirlərindən danışan ekofəal qeyd edib ki, Nepalda yerləşən 21 göl bu təsirlərə məruz qalıb. O, həmçinin dağlıq ölkə olan Nepalda iqlim dəyişmələrinin qida təhlükəsizliyinə zərər verdiyini və su çatışmazlığına səbəb olduğunu vurğulayıb. Nepalın nümayəndəsi, həmçinin çıxışında COP29-u bir araya gəlmək, müzakirə aparmaq və həll yolu tapmaq baxımından vacib platforma kimi dəyərləndirib.

Aruba ada dövlətinin təmsilçisi Naycel Maduro ölkəsinin Venesuela ilə çox yaxın ərazidə yerləşdiyini bildirib, yüzillərdən bəri adada yaşayan insanların təbiəti qorumaqla məşğul olduğunu qeyd edib. O, adada kənd təsərrüfatı ilə bağlı layihələrin icra olunduğunu, təbiətin onlara verdiyi resurslardan səmərəli şəkildə istifadə edildiyini deyib. Aruba adasında əsas problemin qasırğa olduğunu bildirən ekofəal adanın quraqlıqdan əziyyət çəkdiyini diqqətə çatdırıb. O, qasırğaların insanlarla təbiət arasında balansı pozduğunu, bu səbəbdən də canlıların məhv olduğunu söyləyib.

Dominika ada dövlətinin təmsilçisi Vitni Melinard isə gənc nəslin təbiətin qorunmasında istifadə edilən ənənəvi üsullarla əlaqəsinin itdiyini vurğulayıb. Bildirib ki, Dominika ada ölkəsi olaraq iqlim dəyişmələrindən daha çox zərər çəkir: "İqlim dəyişmələri həyatımızın bütün sahələrinə ciddi təsir edir. Uzun illər bizim qadınlar təbiətin nemətlərindən istifadə edərək ənənəvi dərmanlar düzəldirdilər. Ancaq hazırda iqlim dəyişmələri baş verdiyinə görə bitkilərdən lazımi dərmanları düzəldə bilmirlər. Eyni zamanda, təbii fəlakətlər baş verdikdə əkib becərdiyimiz hər şey məhv olur".

Seçilən
58
ikisahil.az

1Mənbələr