İqlim dəyişikliyi qeyri-müəyyən perspektiv deyil, reallıqdır, bunu İspaniyadakı fəlakətli daşqınlar, Amazondakı meşə yanğınları və Asiyanın cənubundakı leysan yağışları sübut edir.
AZXEBER.COM xəbər verir ki, bunu Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqo Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Tanzaniya da təbii fəlakətlərdən sığortalanmayıb və bu, hər il ölkə büdcəsinə ÜDM-in 2-3 %-i həcminə başa gəlir.
\"Milli səviyyədə müəyyən edilmiş töhfələr çərçivəsində öhdəliklərimizi yerinə yetirmək üçün 2030-cu ilə qədər bizə 19,2 milyard ABŞ dolları lazımdır. Amma biz cəmi 500 milyon dollar almışıq. Məcbur qalıb daxili resurslardan, ziyanımıza olsa belə, istifadə edirik. Bu ssenari bütün Afrikada normaya çevrilir və bu, tamamilə qeyri-etik uyğunlaşmadır və çox ciddi problemlər yaradır”, - Mpanqo bildirib.
O, həmçinin vurğulayıb ki, Kopenhagen konfransından sonra real maliyyələşdirmə vədləri yerinə yetirilməyib və artıq boş ritorikadan uzaqlaşaraq cəsarətli hərəkətlər təklif etməyin vaxtı çatıb. \"İqlim maliyyələşdirilməsi hər şeydən əvvəl ədalət və məsuliyyət məsələsidir. Ona görə də keçən il Dubayda əldə etdiyimiz uğurları yoxa çevirməmək üçün bu konfransda müsbət dinamika yaratmalıyıq”, - tanzaniyalı rəsmi söyləyib.