AZ

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışı

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olmasını qeyd edərək parlaq Qələbəmizi şəhidlərimizə borclu olduğumuzu bildirdi. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi öz gücümüzə bərpa etdik. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdi və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdi. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Hərçənd ki, torpaqlarımız 30 il ərzində işğal altında idi, Azərbaycan xalqı və ölkə rəhbərliyi bu vəziyyətlə heç vaxt barışmadı. Azərbaycan anlamışdı ki, sülh yolu ilə, bu cür qeyri-konstruktiv, illərlə davam edən danışıqlar bir nəticə verməyəcək. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, maliyyə, hərbi, siyasi dəstək verirdilər və bir məqsəd var idi, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ermənistanın arxasında duran bəzi dövlətlər bizim işğalla barışmağımız üçün müxtəlif vasitələrə əl atsalar da, Azərbaycan xalqı bu təzyiqlərə boyun əymədi. Münaqişəni guya həll etməyə çalışan böyük dövlətlər və vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişə ancaq danışıqlarla həll edilməlidir. İllər boyu danışıqların hər dəfə nəticəsiz qalması Azərbaycan rəhbərliyi və xalqının bu həqiqəti daha da əyani şəkildə dərk etməsinə səbəb olurdu. Hətta Fransa BMT-in Təhlükəsizlik Şurasının qətnamələrinə imza atmaqla rəsmən Qarabağın Azərbaycanın ərazisi olmasını tanımış və təsdiqləmişdi. Müharibə dövründə isə tamam əks mövqe sərgiləyirdi. İndi isə Ermənistanı dayanmadan revanşizmə qaldırır, silahlandırır.  Bu illər ərzində isə dövlətimiz hazırlaşırdı və daim ordunu, hərbi potensialı gücləndirirdi. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etdi. Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etmişdi. Lakin, ötən ilin sentyabr ayından etibarən Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra, Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, “Böyük Qayıdış Proqramı”nın icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar. hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 30 min insan məskunlaşıb. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.   Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının Azərbaycanın azad olunmuş ərazilərində qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzinin tikilməsi, eləcə də gələcəkdə məktəblərin inşasının planlaşdırılması qardaş Türk dövlətlərinin Azərbaycana olan dərin hörmət və yüksək etimadının nəticəsidir. Bu gün dünya miqyasında mövcud olan təhlükələrin zərərsizləşdirilməsinin öhdəsindən gəlmək üçün Təşkilata üzv dövlətlərin müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı da böyük əhəmiyyət daşıyır.  Ölkəmizə qarşı yeni təxribatların ola biləcəyi proqnozunu da verən cənab Prezident dövlətimizin hər cür təxribata hazır olduğunu bildirib. Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırırsa, ölkəmiz də adekvat addım atmağa məcbur olacaqdır. Cənab Prezident vurğuladığı kimi, “heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib”. Ölkəmiz bundan sonra daha da güclənəcəkdir. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. İnkişafda olan Azərbaycanın şanlı Qələbəsi tarix salnamələrinə yazılıb və əbədi qalacaqdır.    

Deputat Pərvanə Vəliyeva

Seçilən
70
sabahinfo.az

1Mənbələr