AZ

BAŞLIBEL QƏTLİAMI - Üç yüz illik “Qarabağ problemi"nin qanlı səhifələri...

1993-cü ildə Kəlbəcər rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından sonra mühasirə şəraitində qalan dinc sakinlər silahsız olmalarına baxmayaraq müxtəlif vaxtlardaermənilərin silahlı hücumuna məruz qalırdılar. Belə hücumlardan biri də Başlıbel kəndi ərazisində olmuşdur. Portda Kahaları adlanan yerdə qayaların altında sığınacaq taparaq gizlənmiş, əksəriyyəti qocalardan, qadın və uşaqlardan ibarət olan altmışdan çox kənd sakini aprel ayının 18-də silahlı ermənilərin qəfil hücumuna məruz qaldı. Nəticədə 18 nəfər mülki vətəndaş şəhid oldu ki, bunlardan da 13 nəfəri Portda Kahaları ərazisində, qalan 5 nəfəri kəndin müxtəlif ərazilərində vəhşicəsinə qətlə yetirildi. Sağ qalanlar və yaralıların bəziləri gecənin düşməsindən istifadə edərək qaçıb canlarını qurtara bilsələr də 16 nəfər kənd sakini ermənilər tərəfindən əsir götürüldü. Bu qanlı hadisədən sağ-salamat çıxan 29 nəfər isə işğal olunmuş ərazidə gizli yaşamış və sağ qalmaq üçün həyat mücadiləsi aparmış, dəfələrlə ermənilər tərəfindən təqib olunmasına baxmayaraq, nəhayət,113 gündən sonra gizli yollarla Kəlbəcər rayonunu tərk edərək Daşkəsənə keçə bilmişdilər. 93 yaşlı Ələsgər Tağıyev isə doğma Kəlbəcəri tərk etmək təklifini qəbul etməmiş və ömürlük olaraq dağlardan ayrılmamağı qərara almışdır. Bu gün də onun taleyi barədə heç bir məlumat yoxdur.
 
Kəlbəcər rayonu işğalda olduğu iyirmi sıkkiz il müddətində bu qanlı hadisələrin canlı şahidləri dəfələrlə müsahibələr verdilər. Başlıbel qətliamı haqqında Zimistan Həsənov,  Məhəmməd Nərimanoğlu,  Oqtay Salahlı,  Köçəri Cəfərli, Zahid Muxtar,  Etibar Seyidağa,  Zülfüqar Hüseynzadə, Hüseyn Şahbəndəyev dəfələrlə məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirdilər. Əli Başlıbelli, Musa Əziz, Ələkbər Sönməz, Xalid Kazımov, Elxan Salahov və Arif Süleymanov qətliam haqqında kitablar çap etdirdilər. Araşdırmaçı -jurnalist Elxan Salahovun 2018-ci ildə çap etdirdiyi “Qanlı Kaha" kitabını isə bu qanlı faciə barədə yazılmış bütün məqalə və əsərlərin pik nöqtəsi adlandırmaq olar. Çünki bu sənədli-publisistik povestin çapından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının kürsüsündən ermənilərin törətdiyi Başlıbel qətliamı haqqında dünya ölkələrinin liderlərinə məlumat verdi. 2022-ci ildə Elxan Salahovun ssenarisi əsasında “Qanlı Kaha “ kitabının motivlərini özündə əks etdirən sənədli televiziya filmi çəkilmişdir.
 
Bu günlərdə Kəlbəcər rayonunun Başlıbel kəndində doğulub boya- başa çatan Süleymanov Arif Tapdıq oğlunun uzun müddət üzərində işlədiyi “Başlıbel Qətliamı ( Üç yüz illik “Qarabağ problemi” nin qanlı səhifələri) kitabının genişləndirilmiş ikinci nəşri çapdan çıxmışdır. Kitab bu günə qədər çap olunmuş bütün kitablardan fərqlənir. Burada təkcə Başlıbel qətiamı ilə əlaqəli toplanmış materiallar yox, çar Rusiyası dövründən ermənilərin İrandan və Türkiyədən Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsi və orada yerləşdirilməsindən tutmuş çağdaş dövrümüzə qədər baş verən tarixi hadisələr öz əksini tapmışdır. Kitabın giriş hissəsində Sibir düşərgələrində saxlanılan Azərbaycanlı ailələrin taleyi haqqında qısa məlumat oxucunun nəzərinə çatdırılmaqla XX əsrin sonlarında Azərbaycan xalqının ermənilərin təcavüzünə məruz qalmasının heç də təsadüfi bir hal olmadığı bildirilir. Müəllif bununla bildirir ki, xalqımızın başına gətirilən soyqırım və deportasiya hadisələri çar Rusiyasının erməniləri Azərbaycana köçürməsinin məntiqi davamıdır. Kitabda Rusiya ilə XVIII-XIX əsrlərdə aparılan bir çox müharibələrin gedişində İran və Osmanlı torpaqlarından,  XX-XIX əsrlərdə Suriya və Livan kimi ölkələrdən gizli yollarla ermənilərin Cənubi Qafqaza köçürülməsinin, iki əsr boyu Azərbaycan türklərinə qarşı apardıqları soyqırım siyasətinin və 1993-cü ilin aprel ayında Azərbaycan Respublikasının ərazi vahidi olan Kəlbəcər rayonunun işğalı zamanı törətdikləri qətliamlar haqqında qısa tarixi bilgilər verilmişdir. Müəllif giriş hissədə yazır :“ Əsas məqsədimiz yaxın tarixdə baş vermiş qətliamların və soyqırımların hansı gizli və açıq siyasətlərin nəticəsi olduğunu və tariximizə biganə qalmayaraq törədilən bu kimi dəhşətli hadisələrin əsl səbəblərinin gələcək nəsillərə düzgün çatdırılmasında köməkçi olmaqdır”.
Kitab üç hissədən ibarətdir. Birinci hissə“ Qarabağ problemi”nin qısa tarixi. Azərbaycanlılara qarşı törədilən soyqırım aktları“, ikinci hissə“ I Qarabağ müharibəsi. Azərbaycan ərazilərinin işğalı və yeni qətliamların törədilməsi “, üçüncü hissə isə “ II Qarabağ müharibəsi “ adlanır. Üçüncü hissədə Başlıbel qətliamı zamanı Portda Kahalarında şəhid olan 12 nəfərin cəsədlərinin dörd aylıq istintaqdan sonra dəfni barədə AZƏRTAC-ın 7 sentyabr 2021-ci il tarixli məlumatı da öz əksini tapıb. Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı qətliama şahidlik etmiş kənd sakinləri də iştirak  etmişlər.
 
Üçüncü hissədə kitabın işlənməsi prosesində istinad olunmuş ədəbiyyatın biblioqrafik göstəricisini əks etdirən“Biblioqrafiya” bölməsi də var. Bu bölmədə müəllif kitabı hazırlamaq üçün müraciət etdiyi 60-dan çox əsərin, elmi məqalənin, monoqrafiyanın, şəxsi əlyazmaların və s. siyahısını ardıcıllıqla oxuculara təqdim etmişdir. 
 
Ümumiyyətlə,  A.Süleymanovun müəllifi olduğu "Başlıbel Qətliamı" kitabı gələcək nəsillərimiz üçün tarixi yaddaş rolunu oynamaqda çox önəmli bir mənbədir. Bu kitab doğma Başlıbelimizin qanlı tarixinin yaddaşlarda qalması üçün indiyədək çap olunmuş kitablara və məqalələrə yeni bir yanaşmadır. Başlıbelimizin dəyərli ziyalısı Arif Süleymanova ərsəyə gətirdiyi bu dəyərli kitaba görə bütün həmkəndlilərimiz adından təşəkkürümü bildirirəm. 
 
Oqtay SALAHLI
 
Seçilən
49
moderator.az

1Mənbələr