İqlim dəyişikliyi ilə mübarizədə qadınların liderliyi vacibdir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Avstraliyanın Queensland Texnologiya Universitetinin professoru və hüquqşünası Sandra Krimer noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Gender, İqlim və Təhlükəsizlik" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkəsində və Sakit Okean icmalarında qadınlar iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalsa da, iqlimə davamlılıq və təhlükəsizlik məsələlərində əsas rol oynayırlar.
Qonaq qeyd edib ki, qadınlar iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan icmaların təbii resurslarını qorumaq və dayanıqlı həll yolları tapmaq üçün çox mühüm bilik və bacarıqlara malikdirlər.
"Biz qadınların iqlimlə bağlı müzakirələrdə daha çox iştirakını təmin etməli və onların liderliyini dəstəkləməliyik", – deyə o vurğulayıb.
Professor həmçinin gender bərabərsizliyinin iqlim dəyişikliyi ilə mübarizədə böyük əngəl yaratdığını bildirib və qadınların bu prosesdə önə çıxmalarının vacibliyini qeyd edib: "Qadınların rolunu tanımaq və dəstəkləmək, həm yerli icmaların, həm də qlobal səviyyədə davamlı inkişafın təmin edilməsi üçün vacibdir," – deyə S. Krimer əlavə edib.
Sonda o, beynəlxalq ictimaiyyəti qadınların səslərinin daha çox eşidilməsi üçün addımlar atmağa çağırıb, qadınların liderliyinin iqlim dəyişikliyinə qarşı mübarizədə güclü amil olduğunu vurğulayıb.
"Cebheinfo.az"