AZ

Cavanşir Paşazadə: "İran COP29-dan nəticə çıxarmalı, bölgədə sabitlik üçün çalışmalıdır"

“COP29-a 70-dən yuxarı dövlət rəhbəri, baş nazir, hökumət nümayəndələri qatıldı. Demək olar ki, dəvət olunanların əksəriyyəti iştirak etdi. Bütün dünyanın gözü hazırda Azərbaycandadır. İran isə qonşu dövlət kimi hamıdan birinci iştirak etməli idi. Biz dəvətimizi etdik. Azərbaycanın Baş naziri, xarici işlər naziri və digər rəsmilər İranın mərhum prezidenti İbrahim Rəsinin dəfnində iştirak etmişdi. Digər məsələlərdə də Azərbaycan hər zaman dostluq, qonşuluq münasibətləri nümayiş etdirib. Lakin İranın Ermənistanla gediş-gəlişi, görüşləri, münasibətlərinin istiləşməsi öz-özlüyündə göstərdi ki, Azərbaycan nə qədər dost əlini uzatsa da, İran əlini kənara çəkir. Bu isə dostluğun, qonşuluğun, bölgədə sabitliyin olmasına mənfi təsir göstərir. Əlbəttə, Azərbaycan COP29-la burada multikulturalizmin, tolerantlığın inkişafını bir daha sübut etdi, Azərbaycan öz məqsədinə çatdı. 100-dən yuxarı xarici ölkə nümayəndəsinin hazırda Azərbaycanda olması bunun bariz nümunəsidir. Məlumdur ki, COP29-dan öncə Şeyxülislam Allahşükür Paşazadənin də iştirakı ilə Dünya dini liderlərinin qlobal Sammiti keçirildi. Eyni zamanda COP29-a Azərbaycanın müsəlman, xristian və yəhudi dini liderləri də qatıldı. Bu da Azərbaycanın dinlərarası əlaqələrə olan münasibətinin əyani sübutudur. İran COP29-dan nəticə çıxarmalı, bölgədə sabitlik üçün çalışmalıdır. Cənab Prezident İlham Əliyevin apardığı siyasət sülhə, bölgədə sabitliyə, bütün ölkələrlə münasibətlərin qorunub saxlanmasına yönəlib. İran da bu barədə fikirləşməlidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə İran Prezidenti Məsud Pezeşkianın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak etməməsindən danışarkən deyib. 

 

Cavanşir Paşazadə İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlməməsi barədə yayılan məlumata da münasibət bildirib: “İsrailin öz sabit siyasəti var. İran və Ermənistanın da həmçinin. Təbii ki, Azərbaycan dövləti də müstəqil siyasət yürüdür. İranı COP29-a dəvət edəndə soruşmamışdıq ki, Ermənistanla nə münasibətin var? Yaxud bundan 3 gün öncə prezidentlər görüşəndə hansı məsələləri həll etdiniz? Biz bunu ortaya qoymadıq ki. Nə aidiyyəti var? Avropa da SSRİ ilə müharibə edirdi, amma dövr, dünya dəyişdi. Bir ölkənin digər ölkə ilə münasibətinə ikinci və ya üçüncü ölkənin aidiyyəti yoxdur. Hər kəs öz siyasətini aparır. Əzəldən - Azərbaycan müstəqillik qazandığı dönəmdən bəri, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi dönəmində də başqa ölkələrin İranla münasibətinə Azərbaycan qarışmayıb. İsraillə İran arasında hər zaman problem olub. Azərbaycan isə bildirib ki, bizim hava məkanımızdan İrana hücum həyata keçirilə bilməz. Azərbaycan bunu heç vaxt qəbul etməyib, etməyəcək də. Bunu hələ illər əvvəl  Heydər Əliyev deyib. Əlbəttə ki, indi də Azərbaycanın səmalarından İrana heç bir zərər toxuna bilməz. Təkrar edirəm, dövlətlər arasındakı münasibətdə bütün ölkələr sərbəstdir. İrana demirik ki, kiminlə hansı münasibəti saxla...” 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Noyabr 2024, 11:02   
Seçilən
58
1
pravda.az

2Mənbələr