AZ

Dollar bahalaşır, avro ucuzlaşır – ABŞ valyutası bir qədər də dəyərlənə bilər

ABŞ dollarında son 3 ayda müşahidə edilən bahalaşma hələ də davam edir.

 

Sfera.az xəbər verir ki, dolların dünyanın 6 aparıcı valyutasına qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi bir qədər də yüksələrək 106 səviyyəsinə çatıb.

 

İndeks son bir həftə ərzində 2 vahid, son bir ayda 3,2 vahid yüksəlib.

 

Dollarda bahalaşma 2024-cü ilin sentyabrın sonlarından davamlı hal alıb. Sentyabrın sonlarında indeks 100 həddində olduğu halda ötən müddətdə 6 faiz yüksəlib.

 

Dolların bahalaşmasını avro ilə olan məzənnədən də görmək olar.

 

Sentyabrda bir avro 1,12 dollara dəyişdirilirdisə, hazırda bir avronun məzənnəsi 1,06 dollardır.

 

Müqayisədən göründüyü kimi avro dollar qarşısında xeyli dərəcədə ucuzlaşıb.

 

Uzunmüddətli dövrdə götürsək dolların bahalaşmasına ABŞ-də mərkəzi bank funksiyasını həyata keçirən FED-in addımları təsir edib. FED gözlənilənlərin əksinə olaraq faiz dərəcələrini sürətlə deyil, tədricən endirəcəyini açıqlayıb.

 

ABŞ mərkəzi bankının yumşaq pul siyasətinə tədricən və ehtiyatla keçmək siyasəti dolları bahalaşdırır. Dolların bahalaşmasına ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri də təsir edir. Yenidən prezident seçilən Donald Tramp idxalı azaltmaq üçün təsirli tədbirlər görəcəyini bildirib.

 

O, bu məqsədlə idxal vergi və rüsumlarını artıracağına dair açıqlama verib. Trampın bu ifadələri Avropada narahatçılıq yaradıb. Əgər Tramp idxal vergi və rüsumlarını artırarsa bundan ən çox avropalı ixracatçılar ziyan görəcək ki, bu da “köhnə qitə”də iqtisadi vəziyyəti pisləşdirəcək, avronun gücünü zəiflədəcək. Buna görə də son həftə ərzində avro dollar qarşısında xeyli ucuzlaşıb. Mövcud vəziyyətin təhlili göstərir ki, dollar hələ bir müddət də dəyər qazana bilər. Ümumilikdə, Trampın öz vəzifəsinin icrasına qədər beynəlxalq birjalarda narahatçılıq qalacaq və bu, dolları bir qədər də dəyərləndirəcək.

 

Vasif

Seçilən
13
sfera.az

1Mənbələr