AZ

“Əfsanələr yenidən yaşıl meydanda”; AFFA isə yoxdur

Noyabrın 11-də Tovuzda futbol adına çox maraqlı tədbir baş tutdu. “Turan”ın ilk çempion heyəti ilə “Kəpəz”in ilk mogikanları yoldaşlıq oyununa çıxdı.

Bu möhtəşəm, lazımlı tədbiri “Turan”ın ilk prezidenti Vidadi Əhmədov təşkil edib.

Qurban Qurbanov, Nizami Sadıqov, Vidadi Rzayev və s. əfsanəvi adların iştirak etdiyi yoldaşlıq matçı Tovuz futbolsevərlərin tərəfindən çox yaxşı formada təqdim olunub.

Maraqlıdır ki, “Qərb derbisi”nin ən qədim iştirakçılarını bir araya toplamaq mümkün olub və təşkilatçılıq da yüksək səviyyədə…

Həmçinin, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev də tədbirdə fəal iştirak edib. Xoşagələn detal odur ki, ölkə futbolunda böyük töhfələri olan “Tovuz  məktəbi” öz ənənələrinə sadiq qalmağı bacarır və bu işdə nadir nümunələrdəndir.

Vidadi Əhmədovun 70 illik yubileyi çərçivəsində keçirilən tədbirlərdən olan bu oyunda AFFA yüksək ranqla təmsil olunmalıydı.

Günümüzün əsas qayğılarından biri ölkə futboluna yatırım edəcək iş adamlarının olmamasıdır. Bu barədə hazırkı AFFA rəhbərliyi də giley-güzar edir. Lakin tamamilə şəxsi maliyyəsi hesabına “Turan”ı formalaşdıran, illərlə yaşadan və bunu təmənnasız edən Vidadi bəyə dəstək üçün Tovuza getmək, o oyunda iştirak etmək lazım idi.

Belə nadir nümunələri təbliğ etmək, onlara belə məqamlarda mənəvi dəstək vermək lazımdır ki, digərləri də stimul tapsın. Qurban Qurbanov sıx qrafikdən vaxt tapıb Tovuza gedir, oyunda və tədbirdə iştirak edirsə, deməli, vaxt azlığını bəhanə gətirmək əbəsdir, hörmətli AFFA…

Bəlağətli danışıqlar yox, bu cür məqamlarda necə davranmağı öyrənmək daha faydalı ola bilər.

Kamil Əhməd

Seçilən
59
futbolpress.az

1Mənbələr