AZ

Günəşin özü kimi enerjisi də əbədidir

COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında cənab İlham Əliyev 3 minə yaxın əcnəbi jurnalistin gözü qarşısında Azərbaycanı neft ölkəsi olmaqda ittiham edənlərə elə sərrast və öldürücü cavab verdi ki,əgər onlarda azacıq utanan sifət olsaydı,bir də bu mövzuya qayıtmazdılar. Ancaq qayıdacaqlar və "azərbaycanlı" muzdluları da məsələn, ÜMD-dəpay nisbətini xatırlatmaqlaçalışacaqlar ki, bizdən 30 dəfə çox qara qızıl çıxaran ABŞ-nin deyil,məhz Azərbaycanın neft ölkəsi adlandırılmağa daha çox haqq etdiyini göstərsinlər.

Halbuki burada söhbət neftin iqtisadiyyatdakı payından yox, ekologiyaya təsirindən gedir. Məhz buna görə COP29-un Azərbaycanda keçirilməsinin doğru olmadığı vurğulanırdı. Mediası ən çox bu mövzunu qabardan ölkələrdən biri isə cənab Prezidentin öz nitqində adını çəkməsə də, açıqladığı faktdan kimdən söhbət getdiyi aydın duyulan, dünyada bir nömrəli neft istehsalçısı olan ABŞ-dir. Üstəlik, orada daha çox şist nefti çıxarılır ki, bu da ekologiya üçün klassik hasilatdan qat-qat təhlükəlidir. Ona görə də Azərbaycan Prezidenti onları özlərinə və qonşuluqlarında bizdən 10 dəfə çox neft hasil edən ölkəyə baxmağa dəvət etdi ki, o da Kanadadır. ABŞ-nin qonşusu və xarici siyasətdə peyki rolunda çıxış edən Kanada dünyada neft istehsalına görə dördüncü, Azərbaycan isə 25-ci yerdədir.

Əlbəttə, biz COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxanların, onu boykota səsləyənlərin başlarına niyə ağır daş olaraq düşdüyümüzü və nə vaxt düşdüyümüzü yaxşı bilirik. Bu, Azərbaycanın neft ölkəsinə çevrildiyi ayda, yəni "Əsrin müqaviləsi"nin imzalandığı sentyabrda baş verib. Düzdür, o zaman, yəni 1994-cü ilin sentyabrında qlobal media fərqli mövqe tutmuşdu, neft hasilatını artıracağına, qərbdəkiləri yanacaqla təmin edəcəyinə görə Azərbaycanın şəninə təriflər yağdırırdı. 2020 və 2023-cü ilin sentyabrında torpaqlarımızı işğaldan qurtarıb üzərində suverenliyimizi tam təmin etdikdən sonra isə yanaşma dəyişdi. Çünki bu, qərbdəkilərin maraqlarına qətiyyən cavab vermirdi və vermir.

Ona görə də əgər sabah Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında da bizi ittiham etsələr, buna təəccüblənməyəcəyəm. Və qoy etsinlər, ölkəmizdə günəşli günlərin sayının çox olması əslində bizim karbohidrogen ehtiyatlarımızdan əldə etdiyimizdən daha artıq enerji deməkdir. Birinci enerji sayəsində necə torpaqlarımızı işğaldan qurtardıqsa, ikinci də bu zəfərimizin əbədiliyini təmin etməyimizdə böyük rol oynayacaq. Axı günəşin özü kimi enerjisi də əbədidir.

Millət vəkili Sahib Alıyev

visiontv.az



Seçilən
58
visiontv.az

1Mənbələr