Türkiyə Prezidenti 2053-cü il üçün 0 emissiya hədəfi müəyyənləşdirib.
APA-nın xəbərinə görə, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda COP29 çərçivəsində Türkiyənin Uzunmüddətli İqlim Strategiyasının təqdimatında bildirib.
Murat Kurum deyib ki, bu il Türkiyədə emissiya həcminə baxılsa, bunun 72 faizi enerji sektorunun, 12.5 faizi sənaye sektorunu, 13 faizi kənd təsərrüfatı sektorunu, 3 faizi tullantı sektorundan qaynaqlanır: “Bu gün Türkiyənin ümumi enerji gücündə yenilənə bilən enerjinin payı 59 faizə yüksəlib. Bu sahədə Avropada 5-ci, dünyada 11-ci sıradayıq. 2053-cü ilə qədər enerjidə yenilənən enerjinin payını 50 faizə, nüvə enerjisinin payını 29 faizə çatdırmağı planlaşdırırıq. Beləliklə, Türkiyədə enerjinin 80 faizini karbonsuz hala gətirəcəyik”.
Nazir 2053-cü ilə qədər nəqliyyat sektorunda 7 min km yüksək sürətli dəmir yolu inşa ediləcəyini, bununla da təmiz nəqliyyat olan dəmir yollarının logistikada çəkisinin 5 faizdən 22 faizə çatdırılacağını nəzərə çatdırıb: “2035-ci ildə Türkiyədə elektrik mühərrikli avtomobillərin sayı 4,2 milyon ədədə çatacaq. Bununla da yerli elektrik mühərrikli avtomobillərin payını da 75 faizə çatdırmış olacağıq. Tullantı sahəsində isə sıfır tullantı prinsipi ilə hərəkət edəcəyik”.
Murat Kurum qeyd edib ki, illər ərzində mərhələli qaydada tullantıların toplanma sahələrinə göndərilməsi dayandırılacaq, tullantıda dönüşüm səviyyəsi 70 faizə çatdırılacaq: ”Bioqaz müəssisələrinin sayını artıracağıq”. Nazir iqlim qanununun yaxın günlərdə parlamentə təqdim ediləcəyini də açıqlayıb.
Qeyd edək ki, Türkiyənin Uzunmüddətli İqlim Strategiyası ilk dəfə açıqlanıb