AZ

Azərbaycanın artan iqtisadi nüfuzu: “Daha da güclənməyimizə gətirib çıxaracaq”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib. 

Azərbaycan Prezidenti çıxışında COP29-a ev sahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə də sərt cavab verib. Prezident Azərbaycanın COP29-a ev sahibi seçildikdən sonra ölkəmizin qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildiyini, Qərbin yalan xəbər mediasının, “müstəqil QHT”-lərinin, bəzi siyasətçilərinin sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxdığını bildirib. Həmçinin, ölkələrə qiymətin başqa meyarlara görə verilməli olduğunu qeyd edib: 

"Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.

Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir".

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Azərbaycanın sabit və dayanıqlı iqtisadi inkişafı hegemon ölkələrin xoşuna gəlmir. Ekspert vurğulayıb ki, Azərbaycanın iqtisadi resursları, düzgün aparılmış iqtisadi siyasəti, ölkə Prezidenti və iqtisadi komandanın həyata keçirdiyi islahatlar ölkəmizin iqtisadi imkanlarını daha da gücləndirəcək:   

“Bu gün Azərbaycanın iqtisadi dayanıqlılığı, sabit inkişafı ölkəmiz üçün iqtisadi, siyasi azadlıqlar və müstəqilliyin təmin edilməsi üçün əsas vasitədir. Sözsüz ki, güclü, sabit və dayanıqlı iqtisadiyyatı olan ölkə müstəqil siyasət həyata keçirə bilir. Təbii ki, bu da dünyada hegemonluq və ikili standartlara öyrəşmiş ölkələrin xoşuna gəlmir. 

Azərbaycanın iqtisadi potensialı imkan verir ki, ölkəmiz onların sözü ilə oturub durmasın. Digər tərəfdən, ölkəmizin artan iqtisadi nüfuzu sözsüz ki, bəzi dairələrin qısqanclığına səbəb olur. Bunlar da daha çox ermənipərəst dairələrdir. Bu gün Azərbaycan 10-a yaxın Avropa ölkəsinə qaz satır. 

Cənab Prezidentin də vurğuladığı kimi, bu qazı biz onlara təklif etməmişik. Onlar özləri gəlib bizdən xahiş edib, qaz alıblar. Gələcəkdə ölkəmiz alternativ və yaşıl enerji üzrə böyük imkanlar əldə edəcək. Beləliklə, potensialı olacaq və Avropanı bu enerji ilə təchiz edəcək. Sözsüz ki, bütün bunlar Azərbaycanın nəinki regionda, həmçinin Avropada nüfuzunu möhkəmləndirir. Bu da əlbəttəki bəzi ölkələrin xoşuna gəlmir”. 

Ekspert hesab edir ki, Azərbaycanın iqtisadi resursları, düzgün aparılmış iqtisadi siyasəti bu istiqamətdə ölkəmizin iqtisadi imkanlarını daha da genişləndirəcək:

“Bu gün ölkəmiz işğalda azad olunmuş bölgələrimizdə həm də böyük quruculuq işləri aparır. İşğldan azad olunmuş ərazilərə 18 milyard manat vəsait qoyulub. Bu da öz növbəsində yaxın gələcəkdə iqtisadi cəhətdən daha da güclənməyimizə gətirib çıxaracaq”. 

Seçilən
47
cebheinfo.az

1Mənbələr