AZ

Gənclərin mənəvi sağlamlığında təhsilin rolu – EKSPERT BİR SIRA TƏKLİFLƏR İRƏLİ SÜRÜR...

“Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”.

Məhəmməd Tağı Sidqi

Dövlətimizin və millətimizin işıqlı gələcəyi onun yetişdirdiyi gənc nəsildən asılıdır. Yəni hər bir dövlətin, cəmiyyətin əsasını uşaq və gənclər müəyyən edir.

Çox eşitdiyimiz bir deyim var: “Hər bir uşaq ailənin güzgüsüdür”. Uşaq hansı mühitdə böyüyürsə, o mühitin tərbiyəsini alır. Buna görə də valideynlər və onların davranışları övladların tərbiyəsinə birbaşa təsir edir. Müəyyən bir yaş dövrü var ki, necə deyərlər, uşağın “aşına nə töksək, qaşığına da o çıxır”. Uşaqların, gənclərin davranışları sonradan formalaşan xüsusiyyətlərdir. Uşaq qüsurlu doğula bilər. Amma davranış qüsuru ilə anadan olan uşaq yoxdur.

Gənclərin də mənəvi sağlamlığı onların düzgün təlim-tərbiyəsindən asılıdır. Uşaqlar valideynlərin tərbiyəsi ilə yanaşı, orta məktəblərdə də düzgün istiqamətə yönləndirilməlidirlər. Lakin, təəssüf ki, son zamanlar sosial şəbəkələrdə uşaqların və yaxud müəllimlərin xoşagəlməz hərəkətlərini əks etdirən video görüntülərlə tez-tez rastlaşırıq. Bu hallarla qarşılaşmamaq üçün uşaqlarımızı, yeniyetmə və gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onları sağlam həyata ruhlandırmaq lazımdır.

“Azərbaycan təhsil sistemi gənclərin mənəvi inkişafında müəyyən uğurlar əldə edib”

Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, uşaq və gənclərin mənəvi inkişafı cəmiyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır: “Onların dünyagörüşü, xarakterləri və dəyərləri kiçik yaşlardan formalaşır və bu prosesdə təhsil mühüm rol oynayır. Təhsil sistemi gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların şəxsiyyətlərinin formalaşmasına da təsir göstərir. Azərbaycanda bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunub, lakin hələ də təkmilləşdirilməli sahələr mövcuddur.

Azərbaycan təhsil sistemi gənclərin mənəvi inkişafında müəyyən uğurlar əldə edib. Müxtəlif təhsil proqramları, yarışmalar, tədbirlər gənclərin intellektual və sosial inkişafına dəstək verir. Məktəblərdə tərbiyə işləri ilə yanaşı, müasir texnologiyalardan istifadə edilməklə gənclərin dünya görüşünün genişlənməsinə imkan yaradılır. Xüsusilə STEAM və layihə əsaslı tədris proqramları şagirdlərin yalnız nəzəri biliklərə deyil, həm də tətbiqi bacarıqlara yiyələnməsini təmin edir.

Bundan başqa, müxtəlif sosial layihələr, könüllü fəaliyyətləri və karyera yönümlü tədbirlər vasitəsilə gənclərin özlərini cəmiyyətdə aktiv hiss etmələri üçün şərait yaradılır. Buna baxmayaraq, mənəvi dəyərlər, millət sevgisi və mədəni irsə bağlılıq kimi məsələlərin daha dərindən öyrədilməsi üçün addımlar atılmalıdır.

Gənclərin təhsilə həvəsləndirilməsi üçün onların maraqlarına uyğun, interaktiv və yaradıcı tədris metodları tətbiq edilməlidir. Gənclərin təhsil prosesinə aktiv qatılmasını təmin etmək üçün məktəblərdə müasir texnologiyaların istifadəsi artırılmalı, layihə əsaslı öyrənmə və problem həllinə əsaslanan təhsil tətbiq edilməlidir. Onlara öz biliklərini tətbiq edə biləcəkləri real həyat layihələri təklif etmək gənclərin marağını artırır və təhsilə olan motivasiyalarını gücləndirir. Müxtəlif peşəkar insanlarla görüşlər, təcrübə proqramları və təlimlər vasitəsilə onların təhsil sahəsindəki perspektivlərini genişləndirmək mümkündür. Həmçinin, gənclərin təhsildə fərdi maraq və məqsədlərinin nəzərə alınması, hər bir şagirdin öz məqsədinə uyğun olaraq təhsildə irəliləməsi üçün şərait yaradılması motivasiyanı artırır”.

“Bu metodlar Azərbaycanda da tətbiq edilə bilə…”

Ekspert qeyd edir ki, gənclərin mənəvi inkişafında praktiki metodların əhəmiyyəti böyükdür: “Bu metodlardan biri layihə əsaslı tədrisdir. Bu tədris metodu şagirdlərə nəzəri bilikləri praktiki olaraq tətbiq etməyə imkan verir. Məsələn, şagirdlər öz layihələrini yaratmaq, onları həyata keçirmək və nəticələrini təqdim etmək üçün çalışırlar. Bu da onların liderlik, problemi həll etmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Simulyasiya metodlarından istifadə etmək, şagirdlərin müxtəlif situasiyalarda qərar qəbul etmələrini və nəticələri dəyərləndirmələrini təmin edir. Debat və müzakirələr təşkil etməklə onların öz fikirlərini ifadə etmə bacarığı inkişaf etdirilir. Eyni zamanda, şagirdlərin real həyatda olan problemləri həll etmək üçün əməkdaşlıq etmələri də vacibdir. Bu cür praktiki metodlar uşaqların mənəvi inkişafında onların sosial bacarıqlarını və özünəinamlarını artırır.

Dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan bəzi metodlar Azərbaycanda da tətbiq edilə bilər. Məsələn, Finlandiyada istifadə olunan layihə əsaslı təhsil modeli gənclərin öz maraqlarına uyğun layihələr üzərində işləmələrini və bu yolla öyrənmələrini təmin edir. ABŞ-da tətbiq olunan “şagird mərkəzli təhsil” metoduna əsasən, təhsil prosesində şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınır və onların maraqları əsasında dərslər keçir. Yaponiyada tətbiq edilən və şagirdlərin fəal şəkildə problemləri həll etmələrini təmin edən “problem əsaslı öyrənmə” metodları Azərbaycanda da tədrisə tətbiq oluna bilər. Bu metodlar təhsilin şagirdlər üçün daha maraqlı və öyrədici olmasına kömək edir, onların fərdi bacarıqlarını inkişaf etdirməyə imkan yaradır. Birləşmiş Krallıqda tətbiq olunan və müxtəlif dərs fəaliyyətlərini bir-biri ilə əlaqələndirən “modul əsaslı tədris” sistemi isə şagirdlərin müxtəlif bilik sahələrində dərinləşmələrinə imkan yaradır. Bu metodlardan istifadə etmək gənclərin təhsilə marağını artırır və mənəvi inkişaflarına müsbət təsir göstərir”.

“Nəzəri metodlardan praktik təcrübə metodlarına keçilməsi köklü dəyişikliklərə səbəb ola bilər”

Kamran Əsədov vurğulayır ki, nəzəri metodlardan imtina edərək praktik təcrübə metodlarına keçilməsi təhsil sistemində köklü dəyişikliklərə səbəb ola bilər: “Praktiki təcrübə metodları şagirdlərin yalnız nəzəri biliklərə deyil, həm də bu bilikləri real həyatda tətbiq etmək bacarıqlarına yiyələnmələrini təmin edir. Bu keçid vasitəsilə gənclər dərslərdə öyrəndiklərini real həyatda tətbiq etmə bacarığı qazanır, düşüncə tərzi, analiz və tənqidi düşünmə qabiliyyətləri inkişaf edir. Şagirdlərin öz biliklərini təcrübə yolu ilə sınamaları onların təhsil prosesinə daha aktiv qatılmasına səbəb olur və öyrənmə daha səmərəli olur. Praktiki metodların üstünlüyü ondan ibarətdir ki, şagirdlər yalnız nəzəri olaraq öyrəndikləri məlumatları yadda saxlamır, həm də onları real vəziyyətlərdə tətbiq etməyi bacarırlar. Bu isə onların gələcəkdə iş həyatında daha hazırlıqlı olmalarına səbəb olur.

Ümumiyyətlə, uşaq və gənclərin mənəvi inkişafında təhsil prosesinin düzgün qurulması, praktiki və tətbiqi metodların tədrisdə geniş yer alması, fərdi inkişaf və maraqların nəzərə alınması onların gələcəkdə cəmiyyətə daha faydalı və məsuliyyətli vətəndaş olmalarına yardım edəcəkdir. Azərbaycanda təhsil sistemində bu sahədə edilən yeniliklər və əlavə ediləcək praktiki metodlar gənclərin həm bilik, həm də mənəvi baxımdan inkişaf etməsinə şərait yaradır. Beləliklə, təhsil sistemi yalnız bilik ötürməkdən ibarət olmamalı, eyni zamanda dəyərlər aşılamaq, gənclərin xarakterini formalaşdırmaq və onları həyata hazırlamaq kimi funksiyaları da yerinə yetirməlidir”.

Aynurə İSMAYIL

Qeyd: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında dərc olunur.

 

Seçilən
56
42
hurriyyet.az

10Mənbələr