AZ

“10 gündür həyətə düşüb, çörək ala bilmirəm” - Nərimanov sakini liftin işləməməsindən şikayətçidir

Göyçay rayonu, Çaxırlı kənd sakini, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, bina 4, blok 4 ünvanında yaşayan Qəniyeva Yeganə Nadir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yaşadığı binanın liftinin işləməməsindən narazılıq edir:

“Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, bina 4, blok 4 ünvanında 10 gündür lift işləmir. Heç kim gəlib maraqlanmır. 9 mərtəbəli binadır, qocası, xəstəsi, uşağı var. Düşüb-qalxa bilmirik. Belə hal olar? Liftin baxımı ilə əlaqədar lazım olan məbləğ hər ay ödənilir. Bu vəziyyətə çarə tapmaq lazımdır.

Özüm xəstəyəm. Ayağımda problemim var. 10 gündür həyətə düşüb, çörək ala bilmirəm. Düşünürəm ki, mərkəz yerlərdə bu qədər problem var, görün ucqar yerlər nə vəziyyətdədir…

Qeyd edim ki, liftə reklam yerləşdirmişdilər, bir dəqiqə dayanmırdı, xarab olan kimi gəlib düzəldirdilər. Reklamı götürən kimi liftə baxmaq da yaddan çıxdı”.

Məsələ ilə bağlı “Liftəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin ünvanda əsas mühərrik sıradan çıxıb, 15 noyabrda təmiri başa çatdırılacaq.

Aynurə İSMAYIL

Hurriyyet.az

Seçilən
78
hurriyyet.az

1Mənbələr