AZ

Nəticələr U-19 və U-17 ilə bağlı optimist düşünməyə imkan vermir

Futbol üzrə U-19 Avropa çempionatının seçmə mərhələsində 13 qrupda ilk iki yeri tutanlar və üçüncü olanlardan ən yaxşı göstəriciyə malik bir komanda mübarizəni elit mərhələsində (ən yüksək reytinqə malik Portuqaliya da onlara qoşulacaq) davam etdirəcəklər.

İdman.biz xəbər verir ki, Moldovada 7-ci seçmə qrupda çıxış edən Azərbaycanın U-19 komandası yarışa bu gün İslandiya ilə oyunla start verir. Komandamız uduzmayacağı halda növbəti mərhələ ilə bağlı ümidini artırmış olacaq.

Qrupdakı komandalardan İrlandiya UEFA-nın U-19 reytinqində 8-ci, İslandiya 20-ci, Azərbaycan 40-cı, Moldova isə 45-cidir.

Azərbaycanın U-19 komandası əvvəlki iki seçmə mərhələdə qrup sonuncusu olub, 2021-ci ildə isə 3-cü yeri tuta bilib. Elit mərhələyə isə sonuncu dəfə 2018-ci ildə heyətində Toral Bayramovun da çıxış etdyi komanda çıxa bilib. Ümumiyyətlə, U-19 komandamız tarixi ərzində dörd dəfə növbəti mərhələyə yüksəlsə də, final turnirinə vəsiqə qazana bilməyib.

“İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik”. Bu sözlər komandanın baş məşqçisi Elxan Abdullayevə məxsusdur, amma hazırkı komandanın yoldaşlıq görüşlərində göstərdiyi nəticələr məsələyə optimist yanaşmağa imkan vermir. İyunda Qazaxıstana 2:0 hesabı ilə qalib gəldikdən sonra 19 yaşlılarımız Türkiyə (0:5), Nideland (0:3), Uels (0:3) və Belarusa (1:6) uduzub, həmçinin Moldova (1:1) və Belarusla (1:1) heç-heçə ediblər.

U-17 Avropa çempionatının seçmə mərhələsində isə 14 qrupda ilk iki yeri tutanlar ikinci mərhələdə final turnirinə çıxmaq uğrunda mübarizə aparacaqlar.

Rumıniyada 6-cı seçmə qrupda yarışan Azərbaycanın U-17 komandası bu gün Macarıstanla oyunla mübarizəyə start verir. Özü də macarlar qrupun əsas favoriti sayılırlar: onlar UEFA-nın U-17 reytinqində 13-cü, Yunanıstan 25-ci, Rumıniya 32-ci, nəhayət, Azərbaycan 45-ci yerdədir.

Ötən seçmə mərhələdə qrup sonuncusu olan U-17 komandamız 2022-ci ildə qrupda üçüncü yeri tutub. İlk mərhələni uğurla adlamaq isə sonuncu dəfə 2014-cü ildə mümkün olub.

“Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir”, - deyən baş məşqçi İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millisinin sentyabrda Türkiyə ilə yoldaşlıq görüşlərində sevinmədiyini də xatırladaq (0:4, 0:0).

Rasim
İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr