AZ

COP29-un üçüncü günü VİDEO / YENİLƏNİR

VİDEO

Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnunam.

Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) çıxışında deyib.

COP29-a görə Azərbaycana təşəkkürünü bildirən Ciorcia Meloni Sammitin qlobal temperatur artımını 1,5°C daxilində məhdudlaşdırmaq səylərinə daha da təkan vermək məqsədilə keçirildiyini xatırladıb: “Dubayda qarşımıza iddialı məqsədlər qoyduq: 2030-cu ilə qədər qlobal miqyasda bərpaolunan enerji istehsalını üç dəfə və enerji səmərəliyinin artım sürəti iki dəfə artırmaq. Bu məqsədlərə çatmaq istixana qazları emissiyalarından başlayaraq hər kəsin əməkdaşlığını və adekvat maliyyə dəstəyini tələb edir. COP29 zamanı yeni iqlim maliyyəsi hədəfini qəbul etməyə çalışacağıq. Dəyərli kompromis əldə etmək üçün məsuliyyətlərin bölüşdürülməsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr və iqtisadiyyatlar arasında fikir ayrılıqlarının aradan qaldırılması tələb olunur”.

Baş nazir ölkəsinin öz üzərinə düşəni davam etmək niyyətində olduğunu diqqətə çatdırıb. “İqlim Fondumuzu artıq 4 milyard avrodan çox hissəsi Afrikaya ayırırıq, “Yaşıl İqlim” Fondu və İtki və Zərərlərə Cavab Fondu kimi təşəbbüsləri dəstəkləməyə, eyni zamanda, çoxtərəfli inkişaf banklarının cəlb edilməsini təşviq etməyə davam edəcəyik. Lakin dekarbonizasiyanın istehsal və sosial sistemlərimizin davamlığını nəzərə alması eyni dərəcədə prioritetdir. Təbiəti insanla qorumalıyıq. Bu məsələdə çox ideoloji və praqmatik olmayan yanaşma bizi uğura aparan yoldan çıxarmaq riski daşıyır. Texnoloji neytrallıq düzgün yanaşmadır, çünki hazırda qalıq yanacaq təchizatına vahid alternativ yoxdur. Realist qlobal dünyagörüşünə malik olmalıyıq. 2030-cu ilədək dünya əhalisi 8,5 milyarda çatacaq və növbəti onillikdə qlobal ÜDM iki dəfə artacaq. Bu, süni intellektin inkişafına artan tələbatı nəzərə alaraq enerji istehlakını artıracaq”, - deyə o əlavə edib.

Ciorcia Meloni bildirib ki, keçid prosesini gücləndirmək üçün balanslaşdırılmış enerji qarışığına ehtiyac var: “Bütün mövcud texnologiyalardan istifadə etməliyik. Təkcə bərpaolunan mənbələr deyil, həm də qaz, bioyanacaq, hidrogen, CO2-nin tutulması və gələcəkdə təmiz, təhlükəsiz və hüdudsuz enerji istehsal edə bilən nüvə sintezi. İtaliya nüvə birləşməsində ön sıralardadır. G7-yə sədrliyimiz çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasını təşkil etdik.

Gəlin qlobal Şimal və qlobal Cənub arasında əməkdaşlıq imkanlarını artırmaq üçün yeni enerji diplomatiyası üzərində çalışaq. Bizim talelərimiz bir-birinə bağlıdır və enerji əlaqələrindən böyük imkanlar əldə edə bilərik. Bu səbəbdən iqlim-enerji əlaqəsi bizim Afrika üçün “Mattei Planı”mızın, İtaliyanın həyata keçirdiyi həmyaşıdlar arası əməkdaşlıq strategiyasının sütunlarından biridir”.

“Hər bir COP kimi, bunun uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Biz bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq heç nə mənə qızıma və onun nəslinə daha yaxşı yerdə yaşamağa imkan verəcək siyasətlərlə çalışmaqdan daha çox məmnunluq vermir”, - deyə Baş nazir əlavə edib.

***

Rusiya 1990-cı ildən bəri istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır.

Bunu Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıda BMT-nin iqlim konfransında çıxışı zamanı deyib.

“Biz istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən yarıdan çox azaltmağa nail olduq. 2060-cı ilə qədər biz karbon neytrallığına çatmağı planlaşdırırıq. Biz enerji səmərəliliyinin artırılmasına, elektrik nəqliyyatının inkişafına, kənd təsərrüfatı və meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk”, - deyə M. Mişustin bildirib.

O qeyd edib ki, Rusiyada artıq enerji balansının 85 faizi təmiz mənbələrdən, aşağı emissiyalı istehsaldan əldə edilir. Bu, ilk növbədə qaz, nüvə enerjisi və bərpaolunan mənbələrdən istifadədir.

Rusiya hökumətinin başçısı əlavə edib: “Biz sənayeləri karbonsuzlaşdırmaq üçün öz texnologiyalarımızı və istehsal güclərimizi artırırıq. Təbii imkanlardan da istifadə edirik. Biz dünya meşə ehtiyatlarının beşdəbirinə malikik. Absorbsiya həcmi ildə 1 milyard ton karbon qazı ekvivalentindən artıqdır”.

M.Mişustin Moskvanın qlobal iqlim gündəliyinin həyata keçirilməsində prioritet hesab etdiyi dörd amili qeyd edib.

“Prezident Vladimir Vladimiroviç Putin Rusiyanın iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə tərəfdar olduğunu vurğulayıb. Burada dörd prioriteti qeyd edəcəyəm. İlk növbədə, bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv məqsəd haqqında sazişdir”, -deyə Rusiya Nazirlər Kabinetinin rəhbəri bildirib.

M. Mişustin qeyd edib ki, bu cür dəstək real olmalı və inkişaf etməkdə olan ölkələrin düşdüyü vəziyyətə cavab verməlidir. “Bundan başqa, yüksək emissiyaları olan sənayelərin dekarbonlaşdırılmasına da vəsait ayrılmalıdır”, -deyə o vurğulayıb.

İkinci prioritet iqlim gündəmi bəhanəsi ilə hər hansı dövlətlərə qarşı haqsız rəqabətin və ayrı-seçkiliyin qarşısının alınmasıdır. Rusiya hökumətinin sədri qeyd edib ki, istixana emissiyaları az olan enerji sektoruna keçidin yoxsul ölkələrin inkişafına xələl gətirməməsi vacibdir.

“Beynəlxalq müqavilələrin icrası üçün praktiki mexanizmlərin tətbiqi də zəruridir. İqlim layihələrinin keyfiyyətinin qiymətləndirilməsi üçün vahid sistem yaratmaq lazımdır. Təbii ki, biz elmi icmalar arasında əməkdaşlıq qurmalıyıq. Milli tədqiqatlar dekarbonizasiya və uyğunlaşma ilə bağlı effektiv qərarlar qəbul etmək üçün qlobal miqyasda iqlim dəyişikliyi ilə bağlı məlumatları doldura və dəqiqləşdirə bilər”, - deyə M. Mişustin bildirib.

Rusiya rəsmisi qeyd edib ki, Moskva aşağıkarbonlu inkişaf məqsədlərinə sadiq qalır. “Biz qanunvericiliyimizi təkmilləşdiririk. Həmçinin iqlim sektorunda həssas ölkələrə könüllü yardım göstəririk və bu işi davam etdirməyə hazırıq. Bütün maraqlı dövlətlərlə sıx dialoq şəraitində fəaliyyət göstəririk”, - deyə M.Mişustin əmin edib.

***

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib, onu “əziz qardaş” adlandırıb.

Рökumət başçısı çıxışında dünyanı yaxınlaşan iqlim dəyişikliyi təhlükəsinə diqqəti artırmağa və risklərin tam miqyasını dərk etməyə çağırıb. O deyib: “Biz bu COP-da üzərimizə götürdüyümüz maliyyə öhdəliklərini yerinə yetirməliyik”. Pakistan hökumətinin başçısı əlavə edib ki, COP29 mütləq tarixə düşəcək.

Seçilən
53
3
anspress.com

10Mənbələr