AZ

Tonqa Krallığının Baş naziri ekoloji problemlərin həllinin aydın yollarını müəyyənləşdirməyə çağırıb

Kiçik ada dövlətlərinin taleyi iqlim dəyişikliyi ilə mübarizədə qəti addımlardan asılıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Tonqanın Baş naziri çıxışına səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq sözləri ilə başlayıb.

Onun sözlərinə görə, bu gün 200-ə yaxın dövlətin təmsil olunduğu dünya birliyi bütün bəşəriyyətin gələcəyini təhdid edən iqlim dəyişikliyinin çətin problemi ilə üz-üzədir. “Sakit okean bölgəsindəki kiçik adalardan biri kimi, Tonqa da ekzistensial ekoloji problemlə üzləşir. Adanın sakinləri böhranın mənfi nəticələrini hiss edirlər: regionun ekosistemi əziyyət çəkir, insanlar dolanışıq mənbələrini itirir və ümumi iqtisadi vəziyyət pisləşir”.

Ada dövlətinin Baş naziri BMT-nin Baş katibi Antonio Quterreşin qlobal istiləşmənin qarşısını daha qətiyyətlə almaq üçün təcili addımlar atmaq çağırışını dəstəkləyib. “İnsan fəaliyyətinin yaratdığı qlobal istiləşmənin 1,5 dərəcə Selsidən çox olmasına yol verilməməlidir. Kiçik ada dövlətləri bu istiqamətdə qətiyyətli addımların atılmasının tərəfdarıdır”, - deyən Baş nazir vurğulayıb ki, 2023-cü ildən başlayaraq ada dövlətində dəniz suyunun səviyyəsinin artması və torpaqların aktiv deqradasiyası baş verib ki, bu da həmin sahilyanı ərazilərin flora və faunasının qorunmasını mümkünsüz edir.

O, iqlim böhranının Krallığın bəzi sakinlərini də evlərini tərk etməyə məcbur etdiyinə diqqət çəkib.

Sakit Okean Adaları Forumunun sədri qeyd edib ki, dünya ictimaiyyəti səylərini birləşdirməli və ekoloji problemlərin həlli üçün aydın yollar göstərməlidir. “Bəşəriyyət gələcəyə birlikdə addım atmalıdır. Təəssüf ki, biz ekoloji məsələlərdə geri qalırıq və yalnız dəyişikliklərin nəticələri ilə məşğul olmağa məcburuq. Ümid edirik ki, COP29 platforması bizə yeni qərarlar qəbul etməyə, prioritetləri müəyyənləşdirməyə və kiçik ada dövlətlərinin taleyi üçün çox vacib olan ittifaqlar yaratmağa imkan verəcək”.

Siyasətçi Bakıda keçiriləcək qlobal ekoloji müzakirələrin iştirakçılarının iqlim dəyişikliyi ilə mübarizədə mühüm razılaşmalar əldə edəcəyinə əmin olduğunu bildirib.

Seçilən
50
43
operativmm.az

10Mənbələr