AZ

BAKIDA KEÇİRİLƏN "COP29" AZƏRBAYCANA BÖYÜK DİVİDENTLƏR GƏTİRƏCƏK ... - Qəvami Sadıqbəyli

Məzmunca, "COP-29" BMT - nın tədbiri kimi planetimizin iqlim dəyişmələrinə   həsr olunmuş beynəlxalq səviyyəli sammitdir. Mahiyyət baxımından isə bu  tədbirin Bakıda keçirilməsi ölkəmiz üçün böyük şans yaradır. Sammitin başladığı gündən sonuna qədər ölkəmizə təxminən yüz min adamın gəlməsi gözlənilir.

Konfrans BMT - nın tədbiri olduğuna görə, nümayəndələrin hotel, nəqliyyat və  qida xərclərini iştirakçı dövlətlərin özləri çəkəcək. Reallıqda tədbirdə iştirak edən  insanlar şəxsi maraqları və əyləncələri üçün öz ciblərindən pul xərcləməlidir.

10 - 12 gün ərzində iştirakçı insanların hərəsi təqribən 1000 - 2000 dollar xərcləsə, bu 100 - 200 milyon dollar gəlir deməkdir. Bu gəlir Azərbaycan höküməti  tərəfindən tədbirə xərclənən maliyyə vəsaitindən bir neçə dəfə çoxdur. Əlbətdə, özlüyündə bu gəlir o qədər də böyük deyil. Lakin əsas məsələ tamam başqadır.

 Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib. Baş katib konfransın gedişi zamanı ayrı-ayrı ölkələrin liderləri, həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Bu faktın özü Azərbaycana siyasi, iqtisadi və informasiya sahəsində çox yaxşı şans qazandıracaq. Çünki,

1. BMT - nin Baş katibinin Azərbaycana gəlməsi siyasi baxımdan çox ciddi tarixi  hadisədir.

2. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında Antonio  Quterreşin şəxsən iştirak etməsi ölkəmizin Ermənistanla münasibətində  Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi məsələsində informasiya  sahəsində ölkəmiz üçün böyük fürsət yaradır.

 3. COP-29 sammiti planetimizdə artan yüksək qlobal temperatur və ekstremal hava şəraitini tənzimləmək üçün hökumət, biznes və vətəndaş cəmiyyətinin liderlərini həll yollarını irəli sürmək üçün birləşdirəcək.

  Əsas diqqət iqlimin normadan artıq istiləşməsinə səbəb olan problemlərin aradan  qaldırılmasına yönəldilməsi nəzərdə tutulan maliyyələşməni təmin etməkdir.

  Bu problemlərin həll olunması, artan emissiyaları azaltmaq və qorumaq üçün isə   trilyonlarla dollar tələb olunur. Trilyon dollar isə çox böyük məbləğdir. Bu böyük  məbləğdən hansı dövlətin payına nə qədər investisiya düşəcəyi isə çox ciddi  məsələdir.

 İnanırıq ki, təşkilatçı və iştirakçı ölkə kimi Azərbaycan bu zəngin investisiyadan  əhəmiyyətli dərəcədə pay almağa nail olacaq. Bundan əlavə tədbirin keçirildiyi günlərdə Azərbaycanın adı dünya mətbuatında daha çox hallanacaq. Təqribən 100 min xarici ölkə vətəndaşı Bakının gözəlliyini və xalqımızın qonaqpərvərliyini  görəcək.

  Xoş təəssuratdan sonra bu insanlar ölkəmizin xeyrinə çalışan təbliğatçı ola bilər.  Bu təbliğat perespektivdə Azərbaycana turist axınının çoxalmasına səbəb olacaq.   Mahiyyət baxımından COP-29 Azərbaycana böyük dividentlər gətirəcək.

Qəvami Sadıqbəyli, Jurnalist - politoloq

 

Seçilən
22
hurriyyet.az

1Mənbələr