“Dünyada İsrailin vəhşiliklərinə ən sərt reaksiya verən və bu mövzuda, o cümlədən ticarətin dayandırılması ilə bağlı ən konkret addımlar atan ölkə, şübhəsiz ki, Türkiyədir”
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən deyib.
Ər-Riyad və Bakı səfərlərini başa vurduğunu xatırladan Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Ər-Riyadda keçirilən İkinci Fövqəladə Birgə Zirvə toplantısındakı çıxışında Qəzza və Livandakı soyqırımlara toxunduğunu xatırladıb.
Prezident Ərdoğan fövqəladə atəşkəs elan edilməsinə üstünlük verilməklə, humanitar yardımın ehtiyacı olanlara fasiləsiz və müntəzəm çatdırılmasının vacibliyinə diqqət çəkdiyini bildirib:
"Bildiyiniz kimi, İsrailə qarşı təzyiqləri yaşatmaq və beynəlxalq hüquq əsasında bu ölkəyə qarşı məcburedici tədbirlər görmək üçün bütün gücümüzlə çalışırıq. Dünyada İsrail vəhşiliyinə ən sərt reaksiya verən və ən konkret addımı atan ölkəyik".
Türkiyənin İsrailə silah və sursat daşınmasının qarşısının alınması məqsədilə BMT-də başlatdığı təşəbbüsə 52 ölkə və 2 beynəlxalq təşkilatın dəstəklədiyini bildirən dövlət başçısı deyib:
"Bu təşəbbüslə bağlı məktubumuzu keçən günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Təhlükəsizlik Şurasının prezidentinə və Birləşmiş Millətlər Təşkilatının Baş katibinə çatdırdıq. Ər-Riyadda keçirilən sammitimizdə təşkilatın bütün üzvlərini dəvət edərək qərar qəbul olundu. Ölkəmiz tərəfindən qırğınların dayandırılması üçün atılan addımlar və humanitar yardım səyləri alqışlandı".
Suriya ilə Türkiyə arasındakı terror təşkilatlanmalarını məhv etməliyik. Suriyada ədalətli və qalıcı sülh üçün əsas var. Bunu təmin etmək üçün atılacaq addımlar aydındır.
Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Donald Trampla telefon danışığını xatırladan Ərdoğan bu yeni dövrü Türkiyə-ABŞ münasibətləri, əlaqələrin gedişatını isə fürsətlər və risklər baxımından dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Sonrakı prosesi necə dəyərləndirəcəklərini daha yaxşı müəyyən etmək üçün Trampla beynəlxalq görüşlərdə və ya ikitərəfli görüşlərdə bir araya gələcəklərini ifadə edən prezident Ərdoğan onu da deyib ki, arzumuz budur ki, Türkiyə ilə ABŞ arasında çox fərqli bir proses başlasın. Şübhəsiz ki, iki ölkə arasında hər zaman imkanlar var. Bizim əsas gözləntimiz bu fürsətləri dəyərləndirmək və hər iki ölkəyə fayda gətirəcək addımlar atmaq iradəsidir.