AZ

Silahlı münaqişələrin qadınlara təsiri

Silahlı münaqişələrin qadınlara təsiri
Silahlı münaqişələrin  qadınlara təsiri  mövzusu bir çox konfranslarda müzakirə edilib. Bununla bağlı saysız hesabsız qətnamələr, bəyanatlar, araşdırmalar  aparılaraq,  münaqişələrin qadınlara vurduğu ziyanların miqyası, təsirləri açıqlanıb.  Münaqişə qadınlara və qızlara qarşı zorakılığın, o cümlədən özbaşına qətllər, işgəncə və şikəstlik, cinsi zorakılıq və məcburi evlilik halları ilə nəticələnməsi təsdiqlənsə də dünyada münaqişələrin hələdə mövcudluğu problemin mövcudluğunu bir daha təsdiqləyir.  Qadınlar və qızlar getdikcə daha çox və müharibə taktikası da daxil olmaqla müharibə təsirləri nəticəsində cinsi zorakılığın əsas qurbanları olurlar.  Xüsusilə, beynəlxalq konsepsiyalara rəğmən müharibə şəraitində  qadağan olunmuş atıcı silahlardan istifadə olunması, sərhəd bölgələrdə yaşayan günahsız qadın və uşaqların  zərər görməsi ,  sosial və ailə strukturlarının dağılması və gender əsaslı zorakılığın əlavə komponent kimi qəbul edilməsi səbəbindən  icmalarda qadınlara və qızlara qarşı zorakılıq da yaygındır. Müharibələr nəticəsində  bir çox hallarda qadın və uşağın girov götürülərək insan alverinin qurbanına məruz qalması, siyasi, iqtisadi və sosial strukturların dağılması, zorakılığın yüksək səviyyəsi və militarizmin artması səbəbindən pisləşir. 
1995-ci ildə Pekində keçirilən Qadınlar üzrə IV Ümumdünya Konfransında hərbi münaqişənin qadınlara təsiri təcili tədbirlər görülməli olan 12 kritik sahədən biri kimi müəyyən edilib. 2000-ci ildə BMT Təhlükəsizlik Şurası qadınlar, sülh və təhlükəsizlik haqqında 1325 saylı qətnamə qəbul edib. Təhlükəsizlik Şurası ilk dəfə olaraq bütün sessiyanı qadınların münaqişə zamanı və ondan sonra üzləşdiyi problemləri müzakirə edərək, “gender bərabərliyi ilə beynəlxalq sülh və təhlükəsizlik arasında qırılmaz əlaqə” adlandırdığı şeyə diqqəti cəlb edib. 
Ümumiyyətlə silahlı münaqişələr qadınların hüquqlarının pozulmasına dair çoxlu nümunələr mövcuddur.  BMT sənədlərində qeyd olunur ki, müharibələr mövcud ayrı-seçkilik nümunələrini gücləndirir. Nəticədə bu, gender əsaslı cinayətlərin sayını artırır:
    məişət zorakılığı,
    cinsi zorakılıq
    qısnama
    insan alveri

Aparılan tədqiqatlara göstərir ki, bütün dünyada müharibələr, təqiblər və zorakılığın digər formaları üzündən 71 milyon insan məhz müharibələr nəticəsində öz evlərini tərk etməyə məcbur qalıb. Bu, əhalinin sayına görə dünyada 20-ci yeri tutan bir ölkənin əhalisinin sayına bərabərdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən dərc edilmiş “Qlobal meyillər” adlı illik məruzədə  göstərilir ki, müharibələr və ondan sonrakı post müharibə dövrü daha çox özünü məişət zorakılığı kimi fəsadlarda göstərir. 
Silahlı münaqişələr zamanı həssas qruplar - qadınlar, qocalar, uşaqlar, qaçqınlar insan hüquqlarının pozulmasının qurbanına çevrilirlər. Zorlama, məcburi nikah, cinsi istismar, insan alveri - hərbi əməliyyatların getdiyi istənilən ərazidə  bu tip cinayətlər qeydə alınır.
Tarixçi Gerda Lernerin yazdığı kimi, müharibə zamanı qadınların kütləvi zorlanması artıq eramızdan əvvəl II minillikdə tətbiq olunurdu. Patriarxal cəmiyyətdə düşmən qəbiləsindən olan qadınların zorlanması bu cinayətin qarşısını ala bilməyən kişilərin bir növ simvolik “kastrasiyası” rolunu oynayırdı. Bundan əlavə, qadınlar "döyüş düşərgəsində arvad, cariyə, qul əməyi və ya kubok kimi faydalı olan qanuni oyun" hesab olunurdu. Cinsi zorakılıq həm orta əsrlərdə, həm də müasir dövrdə müharibələri müşayiət edirdi. Hələ 14-cü əsrdə bəzi hərbi qanunlar düşmən ərazisində mülki şəxslərə qarşı hədsiz qəddarlığı qadağan edirdi, lakin bu, zorlamaların sayını azaltmayıb. İkinci Dünya Müharibəsi zamanı kütləvi zorlama bütün orduların silahı idi. Yapon ordusu Çində təxminən 20.000 zorlama törədib. Yaponiyanın Kanaqava prefekturasının işğalının ilk on günü ərzində Amerika əsgərləri tərəfindən 1336 zorlama hadisəsi törədilib. Avropada Amerika əsgərləri, tarixçi Robert J. Lillinin fikrincə, təkcə düşmən dövlətlərin deyil, həm də müttəfiqlərin - Böyük Britaniya və Fransanın ərazisində ən azı 14 min qadına təcavüz edib. Tarixçi Antoni Beevorun istinad etdiyi məlumatlara görə, Almaniyada 2 milyona yaxın qadın Qırmızı Ordu əsgərləri tərəfindən zorlanıb. Tarixçi William Hitchcock-a görə, bəzi qadınlar onlarla dəfə təcavüzə məruz qalıb. Təəssüflə qeyd etməliyik ki, bugünki müasir dövrün  münaqişələrində də qadınlara qarşı hücumlar hələdə mövcuddur. Hələdə davam edən Rusiya Ukrayna müharibəsində də bir çox qadınlara qarşı təcavüz edilməsi ilə bağlı ekspertlərin çağırışları  beynəlxalq təşkilatlar qarşısında səsləndirilsə də bununla bağlı rəsmi açıqlama hələdə verilməyib. https://www.pravda.com.ua/rus/news/2023/03/26/7395164/
Müharibələrin nəticəsi olaraq, insan alveri faktları da mövcuddur ki,  bununla bağlı beynəlxalq hesabatlarda  müxtəlif rəqəmlərə rast gəlmək mümkündür. 
Münaqişələrin tüğyan etdiyi ölkələrdə qadın, uşaq və kişi alveri müxtəlif formalarda olur: cinsi istismar, məcburi əmək, silahlı və terrorçu qruplara daxil olma, narkotik vasitələrin və orqanların ticarəti məqsədilə istismar. Valideynlər qızlarını zorlama və cinsi istismardan qorumaq üçün onları zorla ərə verirlər: Suriyada, Fələstində məcburi erkən nikahların sayında görünməmiş artım müşahidə olunur. Lakin əksəriyyət üçün bu sağ qalma strategiyası məişət və cinsi köləliyə, çox vaxt isə xaricdə fahişəliyə çevrilir.
 Suriyada İŞİD yezidilərə ağlasığmaz dəhşətli qəddarlıqla yanaşıb. BMT Təhlükəsizlik Şurası qarşısında ifadə verən gənc yezidi qadın Nadia Murad kimi bu kabusdan sağ çıxanlar yezidi kişilərin sistematik şəkildə məhv edilməsindən və vəhşicəsinə zorlanan yezidi qadınların yaraqlılar üçün seks köləsinə çevrilərək əsarət altına alınmasından danışıb. qul bazarları, dəhşətli şəkildə istismar edilib və döyülərək. İslamı qəbul etmək və ya seks köləsi olmaq istəməyən yezidi qızlar diri-diri yandırılıb. Qeyd edək ki, köləliyin bu növünün insanlığa qarşı cinayət olduğu ümumiyyətlə qəbul edilir.
Ümumilikdə isə müharibələrin qurbanları kişilər olduğu kimi, qadınlar, uşaqlar və yaşlılar da münaqişələrdən ağır fəsadlar alırlar. Hansı ki, bu bir çox insanın həyatının sönməsi, intihara məruz qalması və s kimi hallarla nəticələnir. Beynəlxalq sənədlərdə yuxarıda qeyd etdiyimiz faktlar təsdiqlənsə də, nəticələr, real faktlar başqa məqamları göstərir. 


Bu məqalə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi tərəfindən həyata keçirilən  “Qadınlar Sülh uğrunda” layihəsi çərçivəsində hazırlanıb.

Məqalədə əks olunan fikirlər ictimai birlliyə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 

Seçilən
52
qht.az

1Mənbələr