“Taliban” 2021-ci ildən sonra təkrar Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra altıncı açıq edamını həyata keçirib.
Məhkumun Paktiya əyalətinin Mirzəqa rayonunda Kerkin Xulidən olan Məhəmməd Ayaz Əsəd olduğu müəyyən edilib. O, noyabrın 13-də stadionda edam edilib.
"Məhkum Paktiya əyalətinin paytaxtı Qardez şəhərində minlərlə tamaşaçının gözü qarşısında qurbanın ailəsinin üzvü tərəfindən sinəsindən üç dəfə atəş açmaqla güllələnərək öldürülüb", - “AFP”-nin Əfqanıstandakı müxbiri bildirib.
Əfqanıstanı idarə edən radikal “Taliban” hərəkatının nəzarətində olan Ali Məhkəmə bildirib ki, məhkum qurbanını güllələdiyi üçün o da, eyni olraq şəriət qanunlarının tələb etdiyi şəkildə cəzalandırılıb.
Edam ərəfəsində “Taliban”ın regional hakimiyyət orqanlarının nümayəndələri sosial şəbəkələrdə rəsmilərə və yerli sakinlərə “bu tədbirdə iştirak etməyə” müraciət ediblər. Edamda “Taliban”ın daxili işlər naziri Siracuddin Haqqani iştirak edib.
Bu hökmü “Taliban” lideri Heybətullah Axundzadə təsdiqləyib.
1996-cı ildən 2001-ci ilə qədər ilk “Taliban” hakimiyyəti dövründə açıq edamlar adi hal idi. 2021-ci ilin avqustunda hakimiyyətin yenidən ələ keçirilməsindən bu yana yalnız bir neçə belə edam həyata keçirilib, bu, altıncıdır.
Almaz Həsənli