AZ

COP29 tədbiri Azərbaycanın artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir - TƏHLİL

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti davam edib.
Sammitdə onlarla ölkənin dövlət və hökumət başçıları çıxış edib. Çıxışların əsas mövzusu iqlim təhlükələri, dünyada artan tempreturların 1,5 dərəcə aşağı salınması, quraqlığa qarşı mübarizə, karbon emissiyasının aşağı salınması və yoxsul ölkələrə kömək məqsədi maliyyə fondunun yaradılması olub.

Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb:

"Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".

Azərbaycanın kiçik ada dövlətlərinə  birmənalı dəstək nümayiş etdirdiyini vurğulayan prezident İlham Əliyev qeyd edib: "Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir". 

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, konfrans iştirakçılarının qarşısında əsas qlobal çağırış - ədalətli enerji keçidinin həlli yollarını tapmaqdır. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsi sürətlə inkişaf edir və keçən il ilk dəfə bərpa olunan enerji mənbələrinə qoyulan investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. BMT-nin Baş katibi Antonio Quterreş iqlim böhranına görə, G20 ölkələrini tənqid edib. O bildirib ki, dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir: “Çünki baş verən bu ədalətsizlik dənizlərin səviyyəsinin yüksəlməsi nəticəsində sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır".
Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlməkdə dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin çağırışı da kifayət qədər diqqət çəkən olub. Bəşəriyyətin ilk dəfə belə bir iqlim böhranı ilə üzləşdiyini vurğulayan Ş. Mişel qeyd edib ki, bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır:"Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır. Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq”.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer də  noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı iqlim böhranının ön cəbhəsində olan ölkələrin yanında durmağa qərarlı olduqlarını qeyd etmişdi.
 Sabahın imkanlarını dəyərləndirmək niyyətini önə çəkən Starmer bildirib ki,  Böyük Britaniyanın NDC-si 2035-ci ilədək bütün istixana qazları emissiyalarını 81% azaltmaqdır:  "Hazırda iqlim dəyişikliyi ilə bağlı atılan addımlar iqtisadi inkişaf yoludur. Baş nazir əlavə edib ki, sentyabrın sonunda Böyük Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanıb və beləliklə, ölkə G7 iqtisadiyyatları arasında kömür enerjisindən imtina edən ilk dövlət olub. O deyib ki, bu COP28-də fosil yanacaqlardan keçid barədə beynəlxalq razılaşma və Böyük Britaniyanın 2030-cu ilə qədər təmiz enerji təmin edən ilk böyük iqtisadiyyat olmaq məqsədinə uyğundur".

ABŞ Prezidentinin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən qarşıdakı dövrdə karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətin davamlı olacağına ümid etdiyini vurğulayıb:
"Son dörd ildə ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub.
ABŞ-da ilk dəfə olaraq böyük neft və qaz hasilatçıları buraxdıqları metan üçün ödəniş etməli olacaqlar”.

İtaliyanın Baş naziri Giorgia Meloni isə qeyd edib ki, konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir: 
"İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırır. Biz həmçinin yaşıl iqlimi və zərər və ziyan fondlarını dəstəkləyirik. Qalıq yanacaq təchizatı üçün vahid alternativ yoxdur. ÜDM-in artımı qlobal miqyasda enerji istehlakını artırır.
Biz enerji forumunu geosiyasi silahdan geniş şəkildə əlçatan resursa çevirə bilərik. Sülh Naminə Azərbaycan Prezidentliyinə təşəkkür edirik. COP-un uğurlu və ya uğursuz olması bizdən asılıdır".
Onu da deyək ki, panellərdə kiçik ada dövlətlərinin rəhbər şəxsləri Azərbaycana minnətdarlığını ifadə etdilər, iqlim dəyişmələrinin bu ölkələrə fəsadlarından danışdılar, iqlim maliyyəsinə əlçatanlığın vacibliyini vurğulayıblar.
Commonwealth-in Baş katibi Patrisiya Skotland Azərbaycan Hökumətinin və Azərkosmosun Commonwealth ilə imzaladığı 2 Memoranduma görə təşəkkürünü bildirib.
Qrenadanın Baş Naziri, CARICOM-un sədri Dikon Mitçell COP29-un “good COP” olacağına inandığını deyib.
Green Climate Fund-ın içraçı direktoru Mafalda Duarte Fonda əlçatanlığın təmin olunması istiqamətində tədbirlər gördüklərini  qeyd edib.
Loss and Damage Fund-ın içraçı direktoru Ibrahima Şeyx Diong Fondun işə salınmasında Azərbaycanın liderliyini vurğuladı və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.
Sammitin nəticəsi olaraq Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi qəbul olunub. 


COP29 Liderlər Sammitini şərh edən Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri İlyas Hüseynov  isə "Sherg.az" a açıqlamasında deyib ki, iqlim dəyişikliyinə qarşı mübarizəyə səfərbər olan ölkələrin böyük əksəriyyəti bu gün Azərbaycanın yanında dayanır. Xüsusilə də, Avropada enerji daşıyıcılarından əziyyət çəkən ölkələr Azərbaycanla əməkdaşlığa can atır: "Xüsusən də  Avropanın kiçik və orta dövlətləri  Azərbaycana ümid yeri kimi baxır. Məhz bu dövlətlər Azərbaycanın yaşıl enerji istehsalı ilə çağırışlarına və Şərqdən Qərbə uzanacaq “yaşıl dəhliz”ə böyük həvəs göstərirlər. Təbii ki, bu layihənin reallaşmasında Türkiyə və Gürcüstanın da xüsusi payı var. Eləcə də Qazaxıstan və Orta Asiya dövlətləri Azərbaycanın “yaşıl dəhliz” layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edirlər.
Çox təəssüf ki,  bəzk aparıcı dövlətlər isə imperialist maraqlarına görə dünyanı xilas edəcək bu cür layihələrə laqeyidliklə yanaşır. Hansı ki məhz o dövlətlər  atmosferi ən çox çirkləndirən ölkələr sırasında ilk yerləri tutur. Məsələn elə Fransa təkcə öz ölkəsində deyil, Afrika və Asiyanın ada dövlətlərində ətraf mühitə çox böyük ölçüdə ziyan vurur.
Bu da təsadüfi deyil. Çünki böyük dövlətlər hər zaman imperialist siyasət yeridirlər. İmperialist siyasətdə isə humanizmə yer yoxdur. Əksinə orta və kiçik dövlətlər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv olurlar. Dünya bunu Azərbaycanın simasında bu gün çox yaxşı görür və bilir".

Politoloqun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və həm iqtisadi, həm də siyasi sahələrdə geniş imkanlar açır:

“İlk növbədə, belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin dünya səhnəsində artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir. Azərbaycan, geosiyasi cəhətdən strateji mövqeyə malik olmaqla yanaşı, Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və iqtisadi tərəqqinin aparıcı qüvvəsidir".
İ. Hüseynov həmçinin qeyd edib ki, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur: "Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Sammitin nəticəsi olaraq qəbul olunan  Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi isə  maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır".
Seçilən
113
50
sherg.az

10Mənbələr