AZ

Yerlan Nısanbayev: "Adekvat iqlim maliyyəsi olmadan emissiyaların azaldılması bəyannamə olaraq qalır" - EKSKLÜZİV

Bu gün qlobal iqlim probleminin həlli yolunda əsas məsələ iqlim maliyyələşdirilməsinin məqsəd və mexanizmlərinin müəyyən edilməsidir.

Bunu “Far.Az”a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib.

“Ümumi bir həll tapmalı olduğumuz əsas məsələ iqlimin maliyyələşdirilməsidir. Ciddi maliyyə dəstəyi olmasa, tullantıların azaldılması üzrə bütün tədbirlərimiz səmərəliliyini itirir”, - o qeyd edib.

Nazirin sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr artıq emissiyaların azaldılması ilə bağlı öhdəliklər götürüblər, o cümlədən Qazaxıstan ötən il metan tullantılarını azaltmağı öhdəsinə götürüb: “Lakin maliyyələşmə məsələsində müəyyən irəliləyişlərə baxmayaraq, onun məbləği hələ də yetərli deyil”.

Nazir COP29 konfransının sonuna kimi bu məsələ ilə bağlı yekun qərarların qəbul olunacağına ümid etdiyini bildirib: “Çünki maliyyə mexanizmləri olmadan bütün vədlər yalnız kağız üzərində qalmaq riski ilə üzləşəcək. Bu, təməl daşıdır, onsuz dediyimiz və planlaşdırdığımız hər şey deklarativ xarakter daşıyır”.

Onun sözlərinə görə, iqlim dəyişikliyi problemi bir ölkə və ya region səviyyəsində həll oluna bilmədiyi üçün bütün ölkələrin birgə fəaliyyətini tələb edir.

“Bütün dövlətlərin fəaliyyətini sinxronlaşdırmaq lazımdır. Yalnız bu yolla istədiyimiz nəticəni əldə edə bilərik. Əks halda, parça-parça tədbirlər uğursuzluğa məhkumdur”, - o əlavə edib.

Y.Nısanbayev Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlığını da yüksək qiymətləndirərək, qısa müddətdə tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Seçilən
138
2
far.az

10Mənbələr