AZ

“Fənərbaxça” ilə “Qalatasaray” arasında növbəti anlaşmazlıq

Türkiyənin iki barışmaz nəhəngi “Qalatasaray”la “Fənərbaxça” arasında yenə anlaşmazlıq yaşanır. Hər iki tərəf kimin daha çox hakim haqsızlığına məruz qalmasını aydınlaşdırmaq istəsə də, ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Bu mövzunu əvvəlcə oktyabrın ortalarında “Qalatasaray”ın yönəticisi və idarə heyətinin üzvü İbrahim Hatipoğlu ortaya atmışdı. O, “NTV Spor”un “yutub” kanalına açıqlamasında “bu mövsümün ilk turları da daxil olmaqla son iki ildəki bütün mübahisəli epizodların incələnməsini təklif edirik. Bunun sayəsində komandaların hakim haqsızlığına görə nə qədər xal itirdiyi bəlli olacaq və həqiqət ortaya çıxacaq. Mütəxəssisləri də klublar özləri müəyyənləşdirsin” ifadələrini işlətmişdi.

“Fənərbaxça” isə rəsmi saytında bəyanat yerləşdirərək bu çağırışı qəbul etdiyini açıqlamışdı. Bu mövzu noyabrın 6-da yenidən gündəmə gəldi. “Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı paylaşım edərək İbrahim Hatipoğlu ilə apardıqları uzun danışıqlardan sonra razılıq əldə olunduğunu açıqladı. Onun dediyinə görə, iki əcnəbi hakim müəyyənləşdiriləcək və həmin hakimlər bu klubların oyunlarındakı hakim səhvlərini incələyəcəkdi. Amma Ilıcalının paylaşımından cəmi bir neçə saat sonra İbrahim Hatipoğlu tam fərqli açıqlama verdi:

“Acunun sözünü heyrət içində oxudum. Bəli, onunla bu mövsüm də daxil olmaqla son illərdəki matçların neytral hakimlər tərəfindən dəyərləndirilməsi mövzusunda danışıqlarımız oldu. Amma konkret bir qərara gəlmədiyimiz halda, onun bu paylaşımı çox ciddi bir qeyri-səmilikdi. Bu da onun niyyətinin yaxşı olmadığını və tam başqa planının olduğunu göstərir. Bir daha gördük ki, onu və ətrafını ciddi qəbul etməməli, əlaqə qurmamalıyıq”.


Təbii ki, bu sözlərdən sonra diqqətlər yenidən Acun Ilıcalıya yönəldi. O isə öz növbəsində ad açıqlamadan bunları dedi:

“Milyonların gözü önündə “oyunlar və epizodlar incələnsin” təklifi onun özündən gəldi. Biz də rəsmi açıqlama ilə bu təklifi qəbul etdik. Daha sonra o özü mənə zəng vurdu. Xaricdən iki əcnəbi hakimin dəvət edilməsi ilə bağlı anlaşdıq. Bu danışıqdan iki həftə sonra mən ona zəng vurdum və epizodların incələnməsi üçün İngiltərədən hakim dəvət etdiyimizi söylədim. Amma o mənə hələ dəvət edəcəkləri hakimi müəyyənləşdirmədiklərini və yığma fasiləsində bunun üzərində düşünəcəklərini dedi. Razılaşdım. Bir müddət sonra da Markus Merk ilə anlaşdıqlarını dedi və uyğun olan tarixləri mənə açıqladı. Mən də bütün bunları nəzərə alaraq aramızda razılıq əldə olunduğunu açıqladım. Məsələ bu qədər irəliləmişkən onun son sözləri necə bir durumla üz-üzə olduğumuzu sübut edir. Bu məsələni “Fənərbaxça TV”də bütün detallarına qədər açıqlayacam”.
Seçilən
37
football-plus.az

1Mənbələr