AZ

Güclü geomaqnit qasırğası başlanır

Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) oktyabrın 10-12-də Yerə çatacaq.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Avtosfer.az-a verilən xəbərə görə, Günəş aktivliyinin oktyabrın 11-12-də yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır.

Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlanmış vəziyyətdə olacaq. X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 kilometr sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti saniyədə 600-700 kilometr təşkil edəcək.

Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri oktyabrın 10-12-də hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsilə qeydə alınacaq.

Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyacanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.

Seçilən
101
avtosfer.az

1Mənbələr