AZ

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, Yaponiya və İngiltərədən olan alimlər görmə pozuntusunun müalicəsində istifadə etdikləri süni kök hüceyrələrin uğurlu nəticələr verdiyini bildiriblər.

İngiltərədəki Kardiff Universiteti, Yaponiyadakı iPS Hüceyrə Tədqiqat və Tətbiq Mərkəzi (CiRA) və Osaka Universitetindən olan alimlər, ağır dərəcədə görmə pozuntusu olan 4 nəfərin buynuz qişasına “induksiya olunmuş pluripotent kök hüceyrələr” (iPS) köçürüb. Tədqiqatçılar, süni şəkildə hazırlanmış bu kök hüceyrələrin köçürüldüyü, ağır dərəcədə görmə pozuntusu olan 3 xəstənin görmə qabiliyyətində 1 ildən çox bir müddətdə əhəmiyyətli irəliləyişlər müşahidə olunduğunu bildiriblər. Sonuncu xəstənin də görmə qabiliyyətində yaxşılaşmalar müşahidə olunsa da, bunun uzun sürmədiyini qeyd ediblər.

Tədqiqatçılar xəstələrin indiyədək hər hansı bir əks təsirlə qarşılaşmadığını və müalicə üsulunun təsirlərinin daha yaxşı müşahidə edilə bilməsi üçün daha çox köçürməyə ehtiyac olduğunu diqqətə çatdırıblar.

ABŞ mərkəzli Mayo Klinik xəstəxanasının internet saytında verilən məlumatlara görə, iPS-lər, normal bir hüceyrədəki genləri dəyişdirərək embrion kök hüceyrə əldə edilməsinə imkan yaradır. 3-5 günlük embrionlardan əldə edilən embrion kök hüceyrələri bədəndəki istənilən hüceyrə növünə çevrilə bilir və buna görə də bədəndəki xəstə toxuma və orqanları bərpa edə bilir. İnduksiya olunmuş pluripotent kök hüceyrələr (iPS) ilk dəfə Yaponiyanın Kyoto Universitetindən Şinya Yamanaka tərəfindən hazırlanmışdı. Yamanaka bu kəşfi ilə 2012-ci ildə Nobel Tibb Mükafatına layiq görülmüşdü. İPS-lərlə ilk klinik sınaqlar Yaponiyanın Riken İnstitutu tərəfindən 2014-cü ildə həyata keçirilmişdi. Sınaqlarda süni şəkildə yaradılmış kök hüceyrələrlə hazırlanmış sağlam göz retina toxuması bir xəstəyə köçürülmüşdü. iPS-lər, həmçinin Parkinson və ürək xəstəliklərinin müalicəsində, ilik köçürmə və onurğa sütununun bərpasında da istifadə edilmişdi.

Seçilən
68
3
sia.az

4Mənbələr