AZ

COP29-a sədrlik – uğur perspektivi və dünyaya çağırış

Prezident İlham Əliyev noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında son dərəcə vacib məqamlara toxundu. Yazımızda həmin məqamların müəyyən qisminə nəzər salacaq, dövlətimizin başçısının səsləndirdiyi fikirlərin ölkəmizin COP29-a uğurlu sədrliyinə təminat məntiqi üzərində dayanacağıq.

Ümumən, Azərbaycan istənilən mütərəqqi prosesə uğur qazandıran dövlət kimi özünü təsdiqləməyi bacarıb. Bu təsdiqləmə və onun verdiyi yüksək status gərgin və yorulmaz əməyin nəticəsidir. Təsdiqləmə, eyni zamanda, siyasi-fəlsəfi kateqoriya baxımından dünyanın axarını dəyişmə mahiyyətinə əsaslanan hadisədir. Yəni, Azərbaycan, prinsip etibarilə, dünyanın axarını dəyişmiş ölkədir.

Təsəvvür edin, 1991-ci ildə yenicə müstəqilliyini qazanmış Vətənimiz məhrumiyyətlərlə üzləşmişdi. SSRİ adlı böyük istiqsadi “zəncir”in qırılması müttəfiq respublika kimi Azərbaycanı çıxılmaz vəziyyətə salmış, asılı hala gətirmişdi. Üstəlik, ortada Ermənistanın təcavüzkarlığı var idi. O təcavüzkarlıq ki, 1991-ci ildən əvvəl start götürmüş, 1994-cü ilədək sürmüş, habelə otuz ilə yaxın müddətdə davamlı xarakter almışdı. 1993-cü ildə xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin ikinici dəfə respublikamıza rəhbərliyə gəlişi isə iqtisadi tənəzzülün dərinləşməsinin qarşısını almış, ölkədə hökm sürən özbaşınalıq və anarxiyaya son qoymuşdu.

Nəhayət, Heydər Əliyevin sayəsində Azərbaycan olduqca çətin və mürəkkəb şəraitdə – 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını gerçəkliyə çevirməklə, sanki bir çayın axarının dəyişməsinə nail olmuşdu. Qətiyyətlə demək olar ki, böyük siyasət dühası beləliklə beynəlxalq aləmi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına gətirmişdi. Dünyanın axarını dəyişmək məhz bu idi.

Ulu öndərin müəyyənləşdirdiyi kurs Qərb kapitalının uzun fasilədən sonra yenidən regiona ayaq basma reallığını doğurmuşdu. O regiona ki, həmin kapitalın orada vaxtilə qeydə alınmış mövcudiyyət müddəti qısa olmuşdu. “Əsrin müqaviləsi” isə mövcudiyyət üçün möhkəm və dayanıqlı zəmin, ciddi müqavimət formalaşdırmış, təminat yaratmışdı. Bu gün Cənubi Qafqaz üzrə mürəkkəb oyunlar quran Qərb dünyası, ilk növbədə, bunu nəzərə almalı və malik olduğu statusa görə Azərbaycanın rolunu qiymətləndirməlidir. Amma, təəssüf ki, əksini görürük.

Qərbin qızışıdırıcı mövqeyi, təfriqə yaratmaq meyilləri diqqətimizdən yayınmır. Halbuki, ölkəmiz tamam başqa dəyərlərə köklənib. Dövlətimizin başçısının COP29-un Liderlər Sammitinin açılışında səsləndirdiyi fikirlər bu köklənişin dolğun ifadəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Bəli, ölkəmiz 1994-cü ildə olduğu kimi, üzərindən 30 il keçdikdən sonra da dünyanın axarını dəyişməyə köklənib. Azərbaycan adlı “körpü”, bütövlükdə, bəşəriyyəti rifaha və əminamanlığa daşımaq əzmi və iradəsindədir. Qərb bunu düşünməli və fərqinə varmalıdır ki, tarixən ona bağlılığı olmayan Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycana qarşı haqsız yanaşmalar ilə pararlel şəkildə gerçəkləşmiş prosesdir. Deməli, Prezident İlham Əliyev heç də əbəs yerə bildirmir ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik”.

Əslində, ortada ziddiyyətli və ziddiyyətli olduğu qədər də riyakar durum var. Dörd il əvvəl Azərbaycan öz haqqına çatmaq üçün müharibə edəndə Qərb dünyası ölkəmizi, az qala, işğalçılıqda qınamışdı. Zəfərimizlə yekunlaşan 44 günlük müharibə təcavüzkar akt kimi təqdim olunmuşdu. Bəzi qüvvələr ölkəmizi tutduğu haqq yolundan döndərmək, qələbə yürüşünü dayandırmaq üçün BMT-nin Təhlükəsizlik Şurasında müvafiq qətnamənin çıxarılmasına cəhdlər göstərmişdilər. Eyni cəhdlər 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyiniz lokal xarakterli antiterror tədbirləri zamanı da qeydə alınmışdı.

Bu gün isə BMT-nin ən nüfuzlu tədbirinə ev sahibliyini gerçəkləşdirməkdəyik. Dövlətimizin başçısının bildirdiyi kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə bizə COP29-a ev sahibliyi etmək şərəfi nəsib olub və bu qərar Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Deməli, bizə qarşı riyakarlıqlar və onların çeşidli təzahür formaları nəticəsiz qalıb.

Əlbəttə, anti-Azərbaycan qüvvələr yenə bəd əməllərindən daşınmırlar. COP29-a ev sahibliyimizi ləkələmək istəkləri, tədbiri boykot çağırışları fikrimizin sübutudur. Lakin onların irəliyə doğru inamla hərəkət edən qatarın çarxlarına çomaq salaraq, onu dayandırmaq yönümlü hərəkətləri mənasızdır, Azərbaycan öz prinsiplərindən geri durmur.

Nəzərə alaq ki, ölkəmizin rəhbər tutduğu prinsiplər, eyni zamanda, BMT-nin daşıdığı, fövqündə durduğu dəyərlərin mühüm tərkib hissəsidir. Həmin dəyərlər isə qurumun nizamnaməsində əksini tapır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan, bir il əvvəl BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyini tam bərpa etdi: “Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq”.

Qeyd edək ki, Vətənimiz mütərəqqi dəyər və prinsipləri bölüşən məmləkət statusundadır. Bunu dünyanın müxtəlif yerlərində həyata keçirdiyimiz nəhəng humanitar layihələr də təsdiqləyir. Azərbaycan, həmçinin birləşdirici missiya yerinə yetirir ki, bu missiyanın körpü mahiyyətini artıq açıqladıq. Əslində, sözügedən mahiyyət COP29-a sədrliyimizin də başlıca prioritetidir. Ona görə də dövlətimizin başçısı çıxışında Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirib.

Onu da vurğulayaq ki, Azərbaycan ötən müddətdə qlobal rəhbərlik təcrübəsi toplayıb. Söhbət 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurlu sədrliyimizdən gedir ki, Prezident İlham Əliyev çıxışında mövcud məqama da toxundu. Ümumən, Azərbaycanın beynəlxalq platformalarda təmsilçiliyinin faydalılıq əmsalını təsdiqləyən faktlar yetərincə çoxdur. Ölkəmizin liderinin bu baxımdan üzərində dayandığı növbəti məsələ təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlüyümüzdür. Azərbaycan, həmçinin Avropa İttifaqının 10 ölkəsi ilə saziş imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib: “Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik”.

Bəli, Azərbaycan, belə demək mümkünsə, çoxtərəflilik tərəfdarıdır. Bu, ölkəmizin illər ərzində həyata keçirdiyi balanslı xarici siyasət kursunun vacib seqmentidir. Belə bir nəticənin əldə olunması isə beynəlxalq aləmlə əlaqələrə ən müxtəlif prizmadan yanaşma amilinə, fəaliyyətimizin dolğunluq fazasına əsaslanır. Ona görə də ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Bu missiya bəşəri dəyərlərə xidmət amalından qaynaqlanır.

Azərbaycan öz siyasətini mədəniyyət hadisəsi qismində qurur ki, mövcud məqamın özü də uğurlu çoxtərəflilik modeli üçün, bir növ, təminat paktıdır. Axı mədəniyyət son dərəcə böyük silahdır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forumun təşkilinin ənənəyə çevrilməsi həmin silahı daim hazır vəziyyətdə saxlamaq niyyətidir.

Azərbaycanın Qərblə Şərq arasında etibarlı körpü, mədəniyyət bağı missiyası həm də xalqımızın ruhundan, malik olduğu nəcib keyfiyyətlər məcmusundan qaynaqlanmaqdadır. Dövlətimizin başçısı çıxışında multikulturalizm amili üzərində məhz bu səbəbdən dayanıb: “Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”.

Sonda bir daha anti-Azərbaycan qüvvələrin ölkəmizə yönəlik “fəaliyyəti”ndən söz açaq. Diqqətə çatdırdığımız ayrı-ayrı məqamlardan görünür ki, onların tutduqları yol qərəzə, ikili standartlara söykənir. Prezident İlham Əliyevin COP29-a sədrliyimizin uğur perspektivinə əminlik baxımından dilə gətirdiyi fikirlər isə beynəlxalq aləmə mesaj mahiyyəti daşımaqla, eyni zamanda, ölkəmizə qarşı nalayiq münasibət cəhdlərini dayandırmağa çağırışıdır. Çağırışa həssas yanaşılması şərtdir. Çünki Azərbaycan adlı qatar inkişaf yolundadır və COP29-a sədrlik bu inkişafın təminat faktorlarını daha da dolğunlaşdıracaq. Necə deyərlər, pislik onu edənlərin özlərinə qalacaq.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr