AZ

“İqlim ədaləti və bərabərlik”

COP29-un Yaşıl Zonasında yerləşən “Yer konfransı” otağında “İqlim ədaləti və bərabərlik” mövzusunda seminar keçirilib. “Rhenus Group” tərəfindən təşkil olunan tədbirdə bir sıra ölkələrdən icma üzvləri, yerli və xarici ekspertlər, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Müzakirələrdə iqlim dəyişmələri nəticəsində Kiçik ada dövlətlərinin, səhralaşmış zonaların qarşılaşdıqları əsas problemlər və onlardan çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qlobal miqyasda baş verən iqlim dəyişiklikləri daha çox Kiçik ada dövlətləri üçün təbii fəlakətlər və ərzaq çatışmazlığı ilə müşayiət olunur.

Seminarda dünyada karbon emisiyasının artımının temperaturun yüksəlməsinə, buzlaqların əriməsinə, dünya okeanının səviyyəsinin qalxmasına göstərdiyi təsirlər nəticəsində Kiçik ada dövlətlərinin sahilyanı zolaqlarının itirilməsi vuğulanıb. O da bildirilib ki, təbii fəlakətlərin intensivliyi və onların nəticəsinin aradan qaldırılması daha çevik təxliyə imkanları və maliyyə resursları tələb edir. Müzakirə iştirakçılarının fikrincə, Kiçik ada dövlətlərinin materiklərdən uzaqda yerləşməsi materik dövlətlərinin təcili yardım təşəbbüslərini səmərəsiz edir, bu qrupdan olan dövlətlərin təbii resurslarının və maliyyə imkanlarının məhdudluğu bu ölkələrdə yaşayan əhalinin rifahına mənfi təsir göstərir. Bu səbəbdən də sözügedən regionda fəlakətlərdən qorunmaq və nəticələrin aradan qaldırılması üçün qlobal miqyasda iqlim böhranına səbəb olan dövlətlərin bundan əziyyət çəkən ölkələrə böyük həcmdə maliyyə yardımları etməsi zəruridir. Diqqətə çatdırılıb ki, maliyyə resursları ilə təminat Kiçik ada dövlətlərində kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə imkan yarada bilər ki, bu vəziyyətin özü də həm iqlim kataklizmlərindən qorunmağa, həm də ada əhalisinin məşğulluğunun və rifahının yüksəlməsinə müsbət təsir göstərər.

Tədbir iştirakçıları, həmçinin su resurslarının səmərəli idarə edilməsi, itkilərin minimuma endirilməsi və suyun yenidən istifadəsi üçün texnoloji yeniliklərin əhəmiyyətindən danışıblar. Bununla yanaşı, su mənbələrinin dayanıqlığının təmin edilməsi məqsədilə ekosistemlərin qorunması, əhalinin su istifadəsi haqqında maarifləndirilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi kimi strategiyaların vacibliyi vurğulanıb.

Seçilən
21
2
xalqqazeti.az

3Mənbələr