AZ

Jurnalist üçün öncəlik nədir? - Azər Qismət yazır

Jurnalist adam idik. Saatlarla tədbirdə ilişib qalardıq. Mədə şirəmiz mədə divarını dağıtsa da, dözürdük. Çünki yaxındakı bufetə, ya yeməkxanaya qaçsaydıq, obyektdən müsahibə götürə bilməzdik. Bizə pis gəlirdi ki, obyektdən filan kanal müsahibə aldı, biz ala bilmədik. Bu hal ölüm idi bizə. O vaxt tədbirlərdə Allahın çayını da görməzdik. İstəmirdik də. Əsas qayə müsahibənin, çəkilişin alınması idi. İndi isə əksər tədbir jurnalistlərinin şakəri başqadır. Hərdən tədbirlərdə olanda elə xəcalət çəkirik ki. Jurnalist tədbirə gəlir, tez-tez pıçıldayır ki, "yemək verəcəklər? Eee, bu danışanlar qurtarsaydı, gedib yemək yeyərdim" . Hələ üstəlik operator da gəlib müxbirə deyir ki, "bəs deyirdin yemək verəcəklər, aldatdın məni". İndiki bəzi jurnalistlərə o yeməkdən bol-bol verilir. görürük ki, obyekt qalıb kənarda, bu, yemək stoluna yapışıb.
Jurnalistlərdən biri COP29-da şikayətlənib ki, yemək bahadır. Bahadır, redaksiya rəhbərin sənə yeməyə pul verməli idi. Bir də adını reportyor qoyan adam cəbhə zonasına gedəndə nə edəcəkdi? Yeməyə görə düşmən tərəfinə keçəcəkdi? Bir məsələ də məni narahat edir. Mən xaricdə olanda yerli kanallara baxardım, bəzən dillərini anlamasam da. Yüz faiz xaricdən gələnlər də oteldə pultu yerli kanallara çevirir ki, görüm bunlar nə millətdir, kanallarında nə göstərilir? İstərdim ki, bu günlərdə ölkəmizin tarixinə dair çarxlar, Üzeyir Hacıbəyov və başqalarının əsərləri səsləndirilsin. Lakin yenə sosial verilişlər, xəyanət, uşaqları qayınanasının üstünə atıb şəhərə qaçanları görürəm.

Azər Qismət, yazıçı publisist
Seçilən
21
news365.az

1Mənbələr