Argentina yığmasının və “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero klublararası dünya çempionatının yeni tərtibatından danışıb.
Arena.az xəbər verir ki, FIFA Klub Dünya Kuboku gələn ilin yayında yenilənmiş tərtibat əsasında Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş tutacaq.
Futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan bu yarışın yenilənmiş tərtibatı əsasında 6 futbol konfederasiyasından 32 komanda FIFA Klub Dünya Kuboku uğrunda mübarizə aparacaq.
Argentinalı veteran futbolçu klublararası dünya çempionatının yeni tərtibatla keçirilməsi fikrini müsbət qarşılayb:
“Ən yaxşı komandaların bir yerdə bir-biri ilə yarışmasını izləmək çox şən olacaq. Eyni zamanda, digər bölgələrin komandaları da Avropa klubları ilə rəqabət aparmaq imkanı əldə edəcəklər”, deyə Aquero bildirib.
Qeyd edək ki, artıq FIFA Klub Dünya Kubokunun püşatma tarixi və məkanı da müəyyənləşib. 2025-ci il klublararası dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi dekabrın 5-də Birləşmiş Ştatların Mayami şəhərində baş tutacaq.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək 32 komandanın iştirakı ilə yenilənmiş tərtibatda keçiriləcək. Açılış oyunu “İnter Mayami”nin Fort-Loderdeyldəki ev stadionunda keçiriləcək. Artıq yarışda 31 iştirakçı müəyyənləşib. Son klub noyabrın 30-da baş tutacaq Libertadores Kubokunun finalından sonra bəlli olacaq.
Xatırladaq ki, klublararası dünya çempionatının son qalibi finalda “Fluminense” üzərində 4:0 hesablı qələbə qazanmış “Mançester Siti”dir.
FIFA Klub Dünya Kubokunu ən çox qazanmış klub isə İspaniya nəhəngi Madrid “Real”ıdır. “Qaymaqlılar” 2014, 2016, 2017, 2018, 2022-ci illərdə klublararası dünya çempionluğunu bayram ediblər.