AZ

Şəkidə şəhid övladları üçün keçirilən Payız düşərgəsi yekunlaşıb - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəki şəhərində keçirilən Payız düşərgəsi başa çatıb.

"Unikal" xəbər verir ki, 8-11 noyabr 2024-cü il tarixlərində keçirilən Payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib. Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.

Düşərgə zamanı uşaqlar UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəkinin tarixi mərkəzi, Qala divarları daxilindəki tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Şəhid ailə üzvləri Şəki Xan Sarayı, Şəkixanovların Evi, Karvansaraylar kimi unikal memarlıq abidələrini ziyarət ediblər, Şəki Dövlət Rəsm Qalereyası, Kiş alban məbədində nümayiş etdirilən tarixi və mədəni nümunələr haqqında bilgi alıblar. Uşaqlar Şəki Xan Məscidinin sərgi zalı ilə yanaşı, bu şəhərdən olan yaradıcı şəxslərin və ədiblərin – Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeylərini ziyarət ediblər. 

Düşərgə iştirakçıları üçün təşkil edilən proqram çərçivəsində uşaqlar ABAD keramika və tətbiqi sənət mərkəzində dulusçuluq, ebru sənəti üzrə ustad dərslərinə qatılıblar, “Şəki Bio Garden” botanika bağına səfər ediblər. 

Proqram çərçivəsində düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri Nəzakət Teymurova və Gülyanaq Məmmədova, həmçinin Azərbaycanın əməkdar artisti İlkin Əhmədov konsert proqramı ilə çıxış ediblər. 

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrini bir araya toplamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin uşaqlara Azərbaycanın tarixi məkanlarını tanıtdırmaqdan ibarət olub.

Seçilən
70
50
unikal.az

10Mənbələr