AZ

Respublikaçılar ABŞ Konqresində səs çoxluğu qazanıblar

Noyabrın 5-də ABŞ-də keçirilmiş seçkilərdə Respublikaçılar Partiyası Nümayəndələr Palatasında (ABŞ Konqresinin aşağı palatası) səs çoxluğu qazanıb. Məlumatı “Anadolu” verib. 

“Associated Press” (AP) tərəfindən dərc edilən qeyri-rəsmi məlumatlara görə, respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası) 53 yer, Nümayəndələr Palatasında isə 218 yer qazanıblar.

Belə ki, Respublikaçı Donald Trampın prezidentlik yarışında qalib gəldiyi seçkilərdə Respublikaçılar Partiyası ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu əldə edərək ciddi uğur qazanıb.

Bu səsvermə nəticələri sayəsində Tramp ABŞ Konqresində səs çoxluğu qazanan respublikaçılarla birlikdə 2026-cı ildə baş tutacaq ara seçkilərə qədər ölkə hökumətində güclü təsirə malik olacaq.

Trampın prezidentlik yarışında da qalib gəldiyi 2016-cı il seçkilərində Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə etmişdilər.

ABŞ Konqresinin iki aparıcı siyasi qüvvənin təmsil etdiyi tərkibi ölkənin siyasi həyatında böyük əhəmiyyət kəsb edir, həmçinin Amerika prezidentinin fəaliyyət dairəsinə birbaşa təsir göstərir.

Prezidentin Konqreslə işləməsi lazımdır, xüsusən də büdcənin tərtibi, qoşunların göndərilməsi kimi məsələlərdə. ABŞ Nümayəndələr Palatasının 435 səsvermə hüququna malik üzvü 2 il müddətinə seçilir. ABŞ Senatı 6 il müddətinə seçilən hər ştatdan 2 senator olmaqla 100 üzvdən ibarətdir. Belə ki, hər 2 ildən bir keçirilən Konqresə seçkilər çərçivəsində Nümayəndələr Palatasının bütün tərkibi və Senatın 1/3 hissəsi dəyişir.

P.ƏMİRCANOV
XQ

Seçilən
43
xalqqazeti.az

1Mənbələr