AZ

Ovsunçu - Xatirələrimizdə qalan Rəmiş...

Təxminən 1983-cü il idi. O vaxtı mən məktəbliydim və o vaxtın ən müasir texnikası olan maqnitafonlardan bizim evdə də vardı. Adı yadımdan çıxmaz: "Romantika"

Atam o maqnitafonu alıb evə gətirəndə necə sevindiyimizi indi də unutmuram. Maqnitafonun üstündə bir dənə də boş kasset vardı. Qardaşım səhər o kasseti götürüb evdən çıxdı. Günortadan sonra evə qayıdanda əlində də maqnitafonumuzun təzə kassetindən başqa 5-6 ədəd də başqa kasset vardı. Atam əlavə kassetləri görəndə mimikası dəyişdi. Narazı qaldığını büruzə versə də, susdu. Qardaşım əlindəki kassetlərə necə valeh olmuşdusa, atamın o narazıçılığını hiss eləmədi, yox e, hec vecinə də olmadı. Bəh-bəhlə bu gün Ağdamın bütün kaset satan "budka"larını gəzdiyini, Rəmişin, Səxavətin, bir də  Qədirin kassetlərini aldığını elə sevinclə söyləyirdi ki, sanki aydan torpaq gətirib:

- Ata, bu kasset var ha... Satan dedi ki, Rəmiş lal Taryelin toyunda nətər gitara çalıbsa, həmin toy düz səhərə qədər davam edib. Bax, bu kasset o toydandı.  Hə,  bu biri kasset rəis oğlunun toyundandı. Hələ bax, bu kasset var ha, kasset satan deyir ki, bu Abdal - Gülablı toyudu.  Rəmiş burda “qan” eliyib.

Söhbətdən sonra "əyani" hissə başladı. Ata-bala -  ikisi də musiqinin sehrinə düşdülər. Eləcə, "Romantika" nın qarşısında süst qaldılar. Az sonra musiqi məni də ram elədi.

Bəli, Rəmiş gitaranı çalmırdı, yox e, bu söz o musiqinin , o sədanın yanında kasıb söz kimi qalırdı. Rəmiş gitaranı mələdirdi, ağladırdı, Necə edirdi, nə cürə bacarırdı bilmirəm, amma qəflətən ağlatdığı yerdə gitaranı güldürürdü, sevindirirdi, şadlandırırdı... O gitarasına hansı ruh halıyla yanaşırdısa, o ruh halını gözlərini "Romantik" ə zilləyib öz xəyal aləmlərinə qapılmış "aludəçi"lər də yaşayırdılar. Bax ilk dəfə  Rəmişin ifasında "Lal Taryelin toyu" kassetini dinləyəndə haldan- hala təbdən- təbə düşdük. Hətta o vaxt mənə elə gəldi ki, musiqi sədaları altında çox əsəbləşmişəm. Atam, mən , qardaşım... dinməzcə, gözümüzü qırpmadan, acgözlüklə musiqin sehrindəyik. Amma nə idi,  qəflətən bizi əsəbləşdirən...?

O illərdən çox zaman keçib.. Çox.. və o zaman içində, dəfələrlə Rəmişi eyni acgözlüklə,  min cür, qəribə, haldan- hala , təbdən təbə salan hisslərin ağuşunda dinləmişəm. Bax, onda hiss etdim , daha doğrusu anladım ki, musiqiyə qulaq asdığım yerdə niyə əsəbləşmişdim. Bəlkə dəfələrlə siz də müşahidə etmisiniz, Rəmişin əli gitaraya dəyəndə Rəmiş bu dünyadan qopurdu... Hara gedirdi, haraları ziyarət edirdi özündən başqa kimsəyə agah olmurdu. Bütün toy mağarı nəfəsini qısıb onu dinləyirdi, onun arxasınca düşürdü. Tapa bilmirdilər. Tapa bilməzdilər, təbii ki... Amma o səssizliyin içində, o "aludəçi"lərin arasında hansı bir heyrətli səsin sahibinin "Pahh atonna, mələdir eyyy" , "Allah, Allah" , "Bu alətdə ifa etmək deyil, bu alətlə birlikdə yanmaq-tökülməkdi ", "Bu bir gitaranın, bir Rəmişin göylərdəki nə qədər, mələk vardı, müqəddəs vardı, onları ovsunlamasıdı, onları ovsunlayıb diz üstə  gətirməsidi" .

 Aha, aludəçilərin o heyrətli səsi Rəmişi gitarası ilə ziyarət elədiyi, çəkildiyi bilinməzliklərdə bəlkə də bir anlıq ayırırdı və elə o an da əsəbləşirdi Rəmiş. Bax onda o "aludəçi"nin də hayıfını o gitaradan çıxırdı, o musiqidən alırdı. Biz"Romantik"in qarşısında səssiz-səmirsiz oturmuşlar da həmin gitaranın səsinə , həmin musiqiyə qoşulub əsəbləşirdik...Özünün ruh halını bizə belə ötürürdü Rəmiş...

Çox illər keçdi. 2007-ci il idi. Bir gün təsadüfən o böyük ovsunçunu  işlədiyim  "Ədalət" qəzetinin redaksiyasında gördüm. İlk dəfə idi ki, onu canlı-canlı görürdüm və elə bil çox yaxın qohumumu görmüşdüm. Bir başa yanına qaçdım. "Salam -məleykim" elədik. Düz iki dəfə ağzımı neçə illər məni narahat edən sözlə doldurub sual vermək istədim:"Rəmiş müəllim, əliniz gitaranın simlərinə dəyəndə hara gedirsiniz?”

 Deyə bilmədim. Dedim, birdən uşaqlar zarafata salıb, güləcəklər ki, saa lazımdı?

- Rəmiş müəllim....

- Hə....

- Mənnən şəkil çəkdirərsən?

- Gə, gə, dur yanımda.

Kaş ki, soruşaydım... Rəmiş gitarası ilə birgə gedib, ziyarət etdiyi yerlərə indi birdəfəlik gedib və bir daha dönməmək şərti ilə...

 

Yenə Rəmişin və sehirli gitaranın səsi gəlir. “Lal Taryelin toyu”deyil , amma daha oynaq bir musiqidir. Dinləyirəm, dinləyirəm... Rəmişin sevindiyini hiss edirəm... İndi hüznlənə bilmirəm, heç kədərlənmirəm də, hətta azacıq sevinirəm də ... içimdə bir hiss var  ki, Rəmiş bu gedişi çoxdan, lap çoxdan istəyirdi. Həm də sevinə-sevinə istəyirdi. Sadəcə Gülünü qoyub gedə bilmirdi... Musiqi, hisslər... Rəmiş ruh halını zərrə- zərrə mənə diktə edir... mən də sevinirəm...

Cənnətində əbədi qal Rəmiş! Barmaqlarının sehrinə düşən, dizinə gətirdiklərin müqəddəslər hər zaman yanında olsunlar..

 

 Əntiqə Rəşid

 Yazarın arxivindən - 2022-ci il

 

Seçilən
28
adalet.az

1Mənbələr