AZ

"The New York Times": Rusiya və İranın Ermənistana təsiri necədir – dost, yoxsa rəqibdirlər?

"The New York Times" qəzetində “Dostlar və rəqiblər: Moskva və Tehran Qafqazda rəqabət aparır” başlıqlı məqalədə Rusiya və İranın Ermənistana təsiri barədə maraqlı təhlillər verilib.

Musavat.com xarici agentliklərə istinadən həmin məqalədən bəzi hissələri təqdim edir. Məqalə müəllifi Ermənistan-İran sərhədinə baş çəkərək Rusiya FSB sərhədçilərinin tezliklə Ermənistandan çıxacağını iddia edib və Ermənistan-İran sərhədinin Qafqazda, Avropa ilə Asiyanın qovuşduğu geosiyasi əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Məqalədə, burada Rusiya və İranın getdikcə daha çox rəqib kimi göründüyü bildirilir. Qərb ölkələrinin də Tehranla bu məsələdə müəyyən ortaq maraqlarının olduğu qeyd olunur.

Məqalə müəllifi bildirir ki, “Rusiya Ermənistanda İranın artan təsirini cilovlamağa çalışır” və bu mövzuda bəzi Qərb dövlətlərinin Cənubi Qafqazdakı maraqlarının (müharibənin qarşısını almaq və Rusiyanın təsirini azaltmaq) İranın maraqları ilə üst-üstə düşdüyünü qeyd edir. Müəllif Avropa İttifaqının nümayəndəsi Markus Ritterin “burada iranlılar ermənilərin ən yaxşı dostlarıdır” sözlərinə istinad edir.

Yazıda həmçinin qeyd olunur ki, regionun gələcəyi ilə bağlı gərginlik əsasən Ermənistanın Sünik vilayətində cərəyan edir. Bu zolaq İran mallarının Rusiya və Avropaya çıxışı üçün əsas marşrut kimi əhəmiyyət daşıyır. Lakin Rusiya və Azərbaycanın bu ərazidə Türkiyəyə doğru Ermənistanın nəzarətindən çıxacaq bir şərq-qərb marşrutu yaratmaq istədiyi vurğulanır. Ermənilər Azərbaycanın güc yolu ilə bu marşrut üzərində nəzarət əldə etməyə çalışa biləcəyindən ehtiyat edirlər.

Məqalə müəllifi Qərb dövlətlərinin bu məsələdə də İranın mövqeyinə yaxınlaşdığına diqqət çəkir və İran səfirinin “biz beynəlxalq sərhədin dəyişdirilməsini qəbul edə bilmərik” ifadəsinə istinad edir.

Bayden administrasiyasının Azərbaycan və Ermənistanı sülh danışıqlarına sövq etdiyi vurğulanır, lakin ABŞ-da administrasiya dəyişərsə, ermənilərin ABŞ-ın diqqətinin azalacağından və İrana qarşı sərt bir xəttin tətbiq olunacağından narahat olduqları bildirilir.

Məqalədə Avropa ölkələrinin də enerji tədarükünü şaxələndirmək məqsədilə Azərbaycanla münasibətləri gücləndirdiyi və Azərbaycanın Rusiya enerjisinə alternativ təmin etmə potensialı olduğuna diqqət çəkilir. Avropalılar, xüsusən də Azərbaycanın neftini alan və ona silah ixrac edən İsrail üçün ölkənin strateji əhəmiyyətini vurğulayırlar.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr