AZ

Tehrandan Cənubi Qafqazla bağlı ETİRAF: “Moskva ilə müttəfiq deyilik”

“İran və Rusiya münasibətlərinin tarixinə baxanda I Rus-İran müharibəsində Qacarlar məğlub olandan sonra münasibətlər normal olmasa da, müharibə həddinə çatmırdı. O zaman da İran həm İngiltərə, həm də Rusiyadan asılı idi. Sonrakı dövrlərlə – XX əsrin əvvələrində Səttar xan hərəkatını İrana gətirən rus kazakları idi”.

Bu sözləri Yenicag.az-la söhbətində tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

Analitik İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhaninin The New York Times” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə toxunub.

Xatırladaq ki, iranlı rəsmi müsahibəsində Tehran və Moskvanın Cənubi Qafqazda fərqli maraqlarının olduğu və Rusiya ilə İranın müttəfiq olmadığını bəyan edib.

M. Zülfüqarlının fikrincə isə bugünkü günə gəldikdə, Rusiya-İran münasibətlərində bir cəhət onları birləşdirir:

“Bu da ondan ibarətdir ki, tərəflər Qərb ölkələrinin Cənubi Qafqaza nüfuzunu azaltsınlar və ümumiyyətlə, onları buraya buraxmasınlar. Bu məsələdə hər ikisinin maraqları üst-üstə düşür. Lakin hər bir dövlətin öz marağı olduğu üçün sözügedən məsələdə İranın maraqları fərqlidir. Məsələn, İran istəyir ki, Ermənistan və Azərbaycan onun təsir dairəsində olsun. Hətta bəzən iranlı rəsmilər populist bəyanatlara da yer verirlər ki, Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunmasaydı, İran Səfəvilər və Nadir şahın dövründəki kimi bütöv bir dövlət olardı. Hətta onlar bu ərazilərin tarixi İran torpaqları olduğunu da iddia edirlər. O cümlədən Ermənistana da bu cür münasibət bəsləyirlər”.

Professor xatırladıb ki, indiki dövrdə İran və Rusiya embarqolara məruz qalıb:

“Yəni hər ikisinə Qərb tərəfindən təzyiq olduğu üçün müəyyən mənalarda bunların maraqları üst-üstə düşə bilir. Lakin İranın Ermənistandakı səfiri bu cür deyirsə, bu, bilavasitə Ermənistanda Qərbin maraqlarının önə çıxarılmasına qarşı olan bir reaksiyadır. Yəni Sobhani bildirir ki, İranın öz maraqları var və Rusiya ilə maraqları bərabər deyil. Çünki bu gün Ermənistanda Rusiya əleyhinə kəskin fikirlər mövcuddur və ermənilər bütün bəlaların Rusiyadan gəldiyini iddia edirlər. Ona görə də onlar Qərbə meyl edirlər. Bu mənada isə səfir Rusiyaya olan nifrəti özlərinə qarşı çevirməmək üçün belə bir bəyanat verir ki, Rusiya ilə İranın maraqları üst-üstə düşmür və Tehranın regional istəkləri fərqlidir”.

Mütəxəssisin fikrincə, hazırkı məqamda Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi və Ermənistanın Qərbə inteqrasiyasının güclənməsi fonunda İran səfirinin bu cür fikirlər səsləndirməsi artıq Tehranın Moskvadan müəyyən qədər kənarlaşması kimi qiymətləndirilə bilər:

“Çünki Ermənistan indiki dövrdə İranla da əvvəlki münasibətlərini saxlamır və Fransanın təsir dairəsindədir. Buna görə də İran Ermənistandakı dövlət maraqlarını bərpa etmək üçün çalışır ki, Rusiya ilə maraqlarının üst-üstə düşməməsini sübut etsin. Bunun Tehrana nə dərəcədə uğur gətirəcəyi isə sual altındadır. Ona görə ki Qərb İrəvanda təsir dairəsini genişləndirsə, istər-istəməz Tehranın maraqları ayaq altına atılacaq və sıfırla endiriləcək. Hazırda kimin kimi Ermənistanda üstələməsi məsələsi davam edir ki, bunu da zaman göstərəcək”.

Rafi Müslümov

Seçilən
76
yenicag.az

1Mənbələr