Modern.az saytı nazirliklər yanında İctimai şuraların sədrləri ilə silsilə müsahibələrə davam edir.
Budəfəki müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctmai Şuranın sədri Elşad Məmmədovdur.
- Azərbaycanda İctimai şuralara münasibət birmənalı deyil. Bunun səbəbi isə bəzi İctimai şuraların yanında fəaliyyət göstərdikləri qurumun müdafiəçisi qismində çıxış etməsidir. Bununla bağlı nə deyə bilərsiniz? İctimai şura necə fəaliyyət göstərməlidir ki, nüfuz qazana bilsin?
- Bu kifayət qədər həssas mövzudur. Hesab edirəm ki, İctimai şuralar təbii olaraq yanlarında fəaliyyət götərdikləri qurumların vəkili olaraq çıxış etməməlidir. Amma eyni zamanda bəzən cəmiyyətdə səsləndirilən fikirlərə əsaslanaraq o nəticəyə gəlmək olar ki, sanki İctimai Şura ictimai tənqid şurasıdır. Bu belə də deyil. İctimai Şuranın müvafiq qanunvericilik bazasına əsasən missiyaları, qarşısında duran vəzifələri var.
İctimai Şura məhz bu istiqamətlərdə öz işini qurmalıdır. Mən düşünmürəm ki, sırf tənqid, yaxud tərif üzərində fokuslanmaq və İctimai şuralara bu prizmadan yanaşmaq düz olar. Sizinlə o mənada razıyam ki, İctimai şuralar barədə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Fikrimcə bu da normaldır, çünki tənqidçilər, ekspertlər İctimai şuralardan olan gözləntiləri bir çox hallarda düz formalaşdırmırlar. Ona görə də o gözləntilər real olmayanda əldə olunan nəticəyə də münasibət birmənalı olmur.
Hesab etmirəm ki, İctimai Şura nazirlik, yaxud qurum yanında rupora, vəkillik fəaliyyətini reallaşdıra bilən quruma çevrilməlidir. Amma eyni zamanda müvafiq dövlət qurumlarında müsbət inkişafa, şəffaflığa, idarəetmənin effektivliyinə doğru mütərəqqi yanaşmalar var ki, İctimai Şura bunları da işıqlandırmalı, münasibət bildirməlidir. Maksimum şəkildə şuralar obyektivliyə çalışmalıdır. Eyni zamanda şuralarda təmsil olunan mütəxəssislərin, ekspertlərin, analitiklərin peşəkarlığı təmsil olunduğu sahə ilə nə qədər bağlı olmasından birmənalı şəkildə asılıdır. Hesab edirəm ki, burada universal, ümumi yanaşma ola bilməz. Bəzi şuralarda təmsil olunan nümayəndələr məsələyə başqa, digərləri də başqa prizmadan yanaşa bilər. Mənə gəlir ki, burada hər şey insanın öz şəxsi keyfiyyətindən irəli gəlir.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura öz işini necə qurub? Fəaliyyətinizdə əsas prioritet istiqamətlər hansıdır?
- Mən ilk dəfə 2021-ci ildə İctimai Şura seçkilərində iştirak etmişəm. Bu mənim ilk təcrübəm oldu. Mən başqa heç bir İctimai Şura seçkilərində iştirak etməmişəm. Ümumiyyətlə, düşünürəm ki, insanın öz ixtisasına uyğun bir-iki, maksimum üç İctimai Şurada təmsil olunması onun fəaliyyətinə effekt verə bilər. Amma bir insan kifayət qədər hazırlıqlı olsa da, beş-altı İctimai Şurada iştirak edirsə, bu fəaliyyət effektiv nəticəyə gətirib çıxarmayacaq.
Mən ilk dəfə seçkidə iştirak edəndən sonra elə həmin tərkibdə olan şuranın sədri seçildim. 2023-cü ilin martında növbəti seçkilərdə yenidən sədr seçildim. Bu seçkilərdə şuramızın tərkibində kəmiyyət baxımından xeyli azalma oldu. 2021-2023-ci illər şurasında 15 nəfər təmsil olunurdu. 2023-cü ildə seçilən şurada isə 9 üzv fəaliyyət göstərir. Mənə elə gəlir ki, bu daha kompakt, çevik və effektiv fəaliyyət üçün əsas verir. Nəzərə almaq lazımdır ki, bu şura üzvlərinin əsas iş yerləri deyil.
15 nəfəri bir yerə toplamaqla bağlı tez-tez problemlər olurdu. Hazırda mövcud olan şuramız kifayət qədər peşəkar mütəxəssislərdən ibarətdir. Şurada müharibə iştirakçılarının, qazilərimizin iştirakı təşkil olunur. Sevindirici haldır ki, müxtəlif sosial-iqtisadi spektr üzrə bloklar təbii şəkildə formalaşıb. Buraya hərbi blok daxildir ki, orada 3 nəfər Birinci və İkinci Qarabağ müharibəsi iştitrakçılarını təmsil edir. Onlar müharibə iştirakçılarının əlilliyi, ailələri ilə bağlı məsələlərə dair kifayət qədər məlumatlıdırlar. Onların məhz müharibə iştirakçılarının təmsil olunduğu təşkilatların problemləri ilə bağlı Nazirliyə müraciət etmək imkanı var. 2 nəfər iqtisadçı ekspert təmsil olunur ki, bu da bir bloku formalaşdırır. Bu blok da İctimai Şurada yüksək səviyyədə təmsil olunur. Eyni zamanda sırf əhalinin sosial müdafiəsi ilə bağlı sosial blok da formalaşıb. Paralimpiya komitəsinin vitse-prezidenti də bizim şurada təmsil olunur. Bu da idmançılarla, paralimpiyaçılarla, fiziki imkanları məhdud olan idmançılarımızın sosial problemlərini işıqlandırmaq, nazirliyə çatdırmaq üçün dəstəkdir. Ona görə də İctimai Şuramız kifayət qədər geniş şəkildə bütün sosial-iqtisadi spektri əhatə edir. Bu işimizin təşkilində bizə kömək edir. Bizim bu işin təşkilinə gəldikdə isə mütəmadi qanunvericiliyə əsasən toplantılar, nazirlik rəhbərliyi ilə görüşlər keçiririk.
İctimai Şuramızın yeni tərkibdə şəxsən cənab nazirlə də iki görüşü olub. Nazirlik tabeliyində olan bütün qurumların rəhbərlikləri ilə mütəmadi görüşlərimiz keçirilir. Bizim hər ay Nazirliyin tabeliyində olan hansısa qurumla görüşümüz olur. Görüş zamanı həmin qurumla bağlı yığılan bütün müraciətləri birbaşa qurum rəhbərinə çatdırırıq. Eyni zamanda biz burada əks reaksiyanı da götürük. Yəni həmin qurum tərəfindən hansı yeniliklər tətbiq olunacaqsa, biz onu da ictimaiyyətə çatdırırıq. Kommunikasiya nöqteyi-nəzərdən biz həmin qurumun rəhbəri ilə görüşü gözləmirik. Biz daim ictimaiyyətdə olan məsələləri nazirliyə çatdırmalıyıq. Ona görə də nazirlik tabeliyində olan hər bir qurumda bizimlə kommuniyasiyaya cavabdeh olan həmsöhbətimiz var. Elə gün olmur ki, nazirlik sistemində olan hansısa qurumun nümayəndəsi ilə əlaqədə olmayım. Vurğulamaq istəyirəm ki, ƏƏSMN-i açıq bir qurum kimi təqdim etmək olar. Şəxsən kommunikasiyaların yaradılması ilə bağlı müvafiq lazımlı şərait formalaşıb.
- ƏƏSMN yanında İctimai Şura vətəndaşlarla necə əməkdaşlıq edir? Onların müraciətləri əsasən hansı sahə üzrə olur?
- Şura sədri olaraq telefon nömrəm də, sosial şəbəkələrdə olan hesablarım da, kommunikasiyalarım da hər zaman mənimlə əlaqə qurmağa tam şəkildə imkan verir. Mənimlə əlaqənin yaradılması ilə bağlı heç bir problem yoxdur. Mən dəfələrlə bu barədə ictimaiyyətə də, mediaya da açıqlamalar vermişəm. Mənə olan müraciətlərin sayı, strukturu, keyfiyyəti onu deməyə əsas verir ki, ictimaiyyətlə şuramız arasında kommunikasiya baxımından heç bir problem və məhdudiyyət yoxdur. Eyni zamanda şuramızın üzvləri də hər zaman media və ictimaiyyətə açıqdır. Mən özüm gün ərzində ölkənin aparıcı media resurslarına açıqlamalar verirəm, analitik məaqalələrim çap edilir. O baxımdan hesab etmirəm ki, mənimlə kommunikasiyaların qurulmasında problem var.
O ki qaldı şuramızın digər üzvlərinə, onların hər biri öz sahələrində kifayət qədər tanınmış, peşəkar ekspertlərdir. Ona görə də onlarla da əlaqə qurulmasında hansısa problem olduğunu düşünmürəm. Sizin platformadan istifadə edərək vurğulamaq istəyirəm ki, istənilən vətəndaşın sosial sahədə, sosial müdafiə sistemi, sosial təminatları ilə bağlı problemləri, əmək bazarında üzləşə biləcəyi çətinlikləri olarsa, ƏƏSMN yanında İctimai Şuraya açıq şəkildə müraciətlərini etsinlər. Mən ona zəmanət verə bilərəm ki, bu müraciətlər reaksiyasız qalmayacaq.
- İctimai şuraların əsas problemlərindən biri də maliyyə məsələsidir. “İctimai iştirakçılıq haqqında” Qanunda bununla bağlı maddə yer almadığı üçün şuralar bu mövzuda müəyyən problemlər yaşadıqlarını bildirirlər. Siz bu barədə nə deyə bilərsiniz? ƏƏSMN yanında İctimai Şurada bununla bağlı vəziyyət necədir?
- Bu kifayət qədər çox verilən suallar arasındadır. Mən bir iqtisadçı olaraq deyə bilərəm ki, yaşadığımız bazar iqtisadiyyatında istənilən qurumun fəaliyyətinin təşkili üçün müvafiq maliyyə resursları lazımdır. Biz əhalinin həssas kateqoriyası ilə işləyirik. Problemli vətəndaşlar nəinki Bakının, ölkənin ən ucqar yerlərində də ola bilər. Onların müraciətlərinə reaksiya vermək nöqteyi-nəzərdən ən azı müvafiq nəqliyyat vasitələri lazımdır. Bu baxımdan təbii ki, maliyyə resursları olmalıdır. Amma eyni zamanda etiraf etmək lazımdır, qanunvericiliyimizdə bununla bağlı boşluqlar var. Çünki heç bir real, konkret, effektiv mexanizm yoxdur ki, ona söykənərək bu işi təmin edə bilək. Nazirliklə bizim münasibətimiz ictimai əsaslar əsasında formalaşıb.
Bizim hansısa işimizin görülməsi, vətəndaşların problemlərinin həll edilməsi üçün yanında olduğumuz nazirlikdən, yaxud hansısa özəl və ya dövlət qurumundan maliyyə resursu istəməyimiz qanunla nəzərdə tutulmayıb. İctimai Şura üzvlərinin hansısa tədbirə iştirakının təmin edilməsi ilə bağlı tələb qoymaq ixtiyarımız yoxdur. Ona görə də digər İctimai şuralar kimi biz də maliyyə resursları çatışmazlığını hiss edirik. Hətta mən deyərdim ki, bizim maliyyə resursu ehtiyacımız digər şuralardan daha çoxdur. Çünki şuramızın məşğul olduğu sahənin problemləri, əhatə dairəsi elədir ki, işimizin həcmi digər şuralardan çoxdur. Bu isə deməkdir ki, maliyyə yükümüz də digər şuralardan daha çoxdur. Ona görə də bu problemlər var. Mən burada ekspertlərimizin, müvafiq dövlət qurumlarımızın, xüsusilə də parlamentimizin məsuliyyətini qeyd etmək istəyirəm. Parlament bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklər etməlidir.
- Hansı vacib məsələlərlə bağlı sosiaoloji sorğu və ictimai dinləmələr keçirmisiniz?
- Bizim ictimai sektorla kommunikasiyalarımız mövcuddur. Ən son ictimai dinləməmiz 31 oktyabrda keçirildi. 13 ictimai sektor nümayəndəsinin iştirakı ilə dinləməmiz baş tutdu. Həmin şəxslər İctimai Şuraya daxil olmayan ictimai sektor rəhbərləri idi. Eyni zamanda İctimai Şuramızın da 4 nümayəndəsi və ƏƏSMN-in də 2 şöbə müdiri və 1 şöbə müdirinin müavini iştirak etdi. Bu tip ictimai dinləmələrin keçirilməsi məqsədəuyğundur. Sonuncu dinləməmizdə kifayət qədər aktiv diskussiyalar oldu və ictimaiyyətlə bağlı həssas məqamlar səsləndirildi. Biz belə bir razılıq əldə etmişik ki, ictimai sektor şura vasitəsilə öz iradlarını, təkliflərini və fikirlərini nazirliyə çatdırsın.
- Əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi çağırışçıların sağlamlıq yoxlanışları artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. Bu mövzu ilə bağlı şuranıza hansısa şikayətlər daxil olubmu? Şuranız bu prosesdə iştirak edirmi?
- O qərar qüvvəyə mindikdən sonra İctimai Şura olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq agentliyin rəhbərliyi ilə görüşdük. O görüşə qədər də bizə müraciətlər var idi, biz həmin müraciətləri çatdırdıq. Mən hesab edirəm ki, bu funksiyanın ƏƏSMN-ə verilməsi nazirliyin effektivlik göstəricisi ilə bağlıdır. Eyni zamanda onu vurğulayaq ki, bu məsələ cəmiyyət də kifayət qədər həssasdır. Düşünürəm ki, nazirlik sistemində olan ən həssas məsələlərdin biri artıq hərbi çağırışla bağlıdır. Bu funksiya ƏƏSMN-ə verilməsinə baxmayaraq, digər qurumlarla koordinasiyalı iş görülməlidir. Hansısa vətəndaşımızın hərbi xidmət üçün yararlı olub-olmaması ilə bağlı rəy ƏƏSMN tərəfindən veriləcək. Amma etiraf edək ki, səhiyyə müəssisələri və SHXÇDX-in də bu prosesdə rolu qalır. Burada problemləri də, əldə olunan nəticələri də mütənasib şəkildə bölmək lazımdır. Yəni digər qurumda problem yaranarsa, bütün yükü yenə də bir nazirliyə yıxmaq yanlış yanaşma olar. Mənə elə gəlir ki, bu sahədə problemlər hələ uzun müddət davam edəcək. Bunu bir günə həll etmək infrastruktur baxımından da mümkün deyil.
Əlillik təyinatı ilə bağlı olan müsbət təcrübə, orada şəffaflığın təyin olunması bu istiqamətdə tam şəkildə şəffaflığa nail ola biləcəyimizi proqnozlaşdırmağa imkan verir. Qeyd etmək istəyirəm ki, çox az müddət keçib. Bütün problemlərin öz həllini tapmasına fikir bildirə bilmərəm. Amma müsbətə doğru addımları hiss edirəm, çünki ictimaiyyətlə bu müstəvidə təmasımız mütəmadidir. Bir çox hallarda maarifləndirici tədbirlərin reallaşdırılmasına ehtiyac var. Çünki vətəndaşlarımızın xeyli hissəsi hələ də bu qərarın praktiki nəticələrinə tam bələd deyil. Bir daha qeyd etmək istəyirəm, bir-birindən asılı olmayan müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində müvafiq qərar verilir. Mənə gəlir ki, burada qurumlararası koordinasiya, ictimaiyyətin geniş maarifləndirilməsi və ictimai nəzarətin keçirilməsinə ehtiyac var. Bizə ƏƏSMN tərəfindən nəzarət etmək imkanı yaradılıb, SHXÇDX və digər qurumlar tərəfindən də ictimai nəzarət həyata keçirilməlidir. Biz ƏƏSMN xaricində digər qurumlara nəzarəti həyata keçirmirik. Ona görə də orada həmin qurumların bu proseslərə nə dərəcədə effektiv hazırlıqlı olması barədə fikir söyləyə bilmərəm.
- Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsindən sonra təqribən 12 yaralımız olub. Onların bir çoxuna yardım göstərilsə də, tez-tez sosial şəbəkədə ƏƏSMN qarşısında toplaşır və haqlarını tələb edirlər. Artıq müharibədən 4 il keçib. Nə üçün qazilərin problemlərini həll edə bilmirik?
- Bu məsələni də bir qurumla əlaqələndirmək düz olmaz. Burada qurumlararası koordinasiya olmalıdır. Ölkə başçısının qərarı ilə müvafiq institutlaşma gedib. Koordinasiya qurulmalıdır. ƏƏSMN-in burada böyük məsuliyyəti var. Şikayətlərə gəldikdə isə, müharibə dövründən keçmiş hər ölkədə bu məsələlərlə bağlı narazı olanlar, müvafiq qərarlardan şikayət edənlər də olub. Bizim şuraya da nazirliyin verdiyi qərarla bağlı müraciətlər olub. Biz bu qərarları təkrarən nazirliyə göndəririk. Sonrasında nazirlikdən aldığımız cavabı da şikayətçiyə çatdırırıq. 75-80% şikayətçiyə konkret sübutlarla müvafiq qərarın verildiyini göstərəndə onu qane etmir. Əksəriyyət vətəndaşa onu qane edən cavabı almadan qərarın obyektiv olmadığını düşünür. Bu onların psixologiyasından irəli gələn məsələdir. Şəxs həmin vəsaiti alacağını, müəyyən istiqamətdə istifadə edəcəyini düşünür. Almayanda da narazılıq yaranması gözləniləndir. Bu psixoloji cəhətdən onların özündən asılı məsələdir. Biz anlayırıq ki, hər kəsin maddi problemləri var, amma burada ikili standartlara yol verilə bilməz. Müharibə iştirakçısı yaralandıqdan sonra müalicə nəticəsində sağalıbsa və ona müvafiq əlillik statusu düşmürsə, mənə elə gəlir ki, burada qanunun aliliyi mütləq şəkildə təmin olunmalıdır. Əks halda, bu idarəolunmaz prosesə gətirib çıxara bilər. Ona görə də qanunun aliliyi təmin olunmalıdır, şikayətlərin olması təbiidir. Narazı olan insanların varlığı təbiidir. Şəffaflıq və qanunun aliliyi nazirlik tərəfindən təmin olunur.
- Pensiya yaşının azaldılması ilə bağlı nazirliyə müraciət etmisinizmi?
- Mən bu istiqamətdə iqtisadçı ekspert olaraq öz fikrimi bildirmək istəyirəm. Bəlkə də bu fikir bir çox media resurslarının nümayəndələrini razı salmayacaq. Amma mən hesab edirəm ki, biz elm ictimaiyyətinin nümayəndələri özümüzdə o cəsarəti tapmalıyıq ki, bu məsələlərə populist deyil, real, elmi cəhətdən yanaşaq. O cümlədən alimlərimizin, ekspertlərimizin, analitiklərimizin missiyasıdır ki, reallığı ictimaiyyətə çatdırmağa çalışaq. Burada pensiya yaşının azaldılması ilə bağlı məsələ üzərində heç bir halda siyasi spekulyasiyalara getməməliyik. Bunu xüsusilə müvafiq qurumların, o cümlədən parlamentin nümayəndələrinə üzümü tutaraq deyirəm. Mən əhalinin geniş şəkildə, o cümlədən təqaüdçülərimizin və yaşlı nəslimizin sosial dəstəyinin genişləndirilməsinə birmənalı tərəfdaram.
Hesab edirəm ki, bu ilk növbədə əməkhaqqı fondunun genişlənməsi, məşğulluq siyasətinin effektivliyi hesabına olmalıdır. Müəyyən yaşı keçəndən sonra insanların əmək bazarında qalması ilə bağlı problemlər olmamalıdır. Əgər onların fiziki sağlamlığı imkan verirsə, fəaliyyətlərinə davam edə bilməlidirlər. Mən ali məktəblərdə çalışıram, inanın ki, 70-75 yaşında elə müəllimlərimiz var ki, onların dərs keçmək qabiliyyəti, işə münasibəti bir çox gənclərdən daha aktivdir. Onların əmək qabiliyyəti də əmək bazarında fəaliyyətlərini davam etdirməyə tam şəkildə imkan verir. Bizim onları yalnız pensiyaçı kimi hansısa müavinət almağa istiqamətləndirməyimiz həmin vətəndaşların fiziki və psixoloji durumuna mənfi təsir göstərə bilər. Biz çalışmalıyıq ki, vətəndaşlarımız daha çox məşğulluqla təmin olunsun. Aktiv məşğulluq siyasəti həyata keçirilməlidir. Onların əmək bazarında olması, indiki pensiya sisteminə görə onların gələcəkdə daha çox pensiya almasına gətirib çıxaracaq. Mən onun tərəfdarıyam ki, bizim yaşlı nəslimiz daha çox məşğulluq prosesində, əmək bazarında olsun.
Sözsüz ki, bu iqtisadiyyatın strukturu ilə bağlıdır. Bir çox hallarda media nümayəndələri, ekspertlər, hətta deputatlar tərəfindən də pensiya yaşının azaldılması ilə bağlı fikirlər eşidirdim. Biz çalışaq ki, yaşlı nəsil üçün daha çox iş yerləri olsun. Bu onların sosial müdafiəsi baxımından pensiya təminatından dəfələrlə üstündür. Çünki onların işləməsi pensiya kapitalının yığılması üçün imkanlar verir. Məsələyə bu cür yanaşmaq əvəzinə, bəzən özünü ekspert adlandıran şəxslər iqtisadi əsası olmayan, reytinqə istiqamətlənmiş çıxışlar edir. Bizim missiyamız ondan ibarətdir ki, reallığı ictimaiyyətə çatdıraq.
Əməkhaqları birmənalı şəkildə artırılmalıdır, bu gün buna böyük ehtiyac var. İşlə təminat, məşğulluq baxımından bir çox məsələlər həll olunmalıdır. Pensiya yaşının azaldılması, uşaqpulunun verilməsi kimi məsələlər səthi görünsə də, onların həlli daha dərin, strukturlaşmış və elmi cəhətdən əsaslandırılmış olmalıdır. İnflyasiya elə hal alıb ki, insanları hansısa ödənişlərə fokuslandırıb əmək bazarından kənara çəksəniz, yenə də bir müddət sonra onların sosial müdafiəsilə bağlı iddiaları, fikirləri, şikayətləri olacaq. Ona görə də bunun ardınca qaçmaq deyil, qabaqlayaraq iqtisadiyyatın strukturunu elə formalaşdırmaq lazımdır ki, əməkhaqqı fondu artsın və insanların sosial müdafiəsi ilk növbədə bunun hesabına təmin olunsun.
- Azərbaycanda çoxuşaqlı ailə dedikdə 6 uşağı olan ailələr nəzərdə tutulur. Bildiyimiz kimi, indi ölkəmizdə çox uşaq saxlayan ailələrə az rast gəlinir. Çoxuşaqlı ailələrlə bağlı uşaq sayının azaldılması üçün təklifiniz olubmu?
- Hesab edirəm ki, ölkəmizdə bununla bağlı vəziyyət qənaətbəxş hesab oluna bilər. Biz əgər çoxuşaqlı ailələrə müavinətlərin verilməsi üzərində fokuslansaq, heç kim müavinətlərin azalmasını bildirə bilməz. Biz hamımız istəyirik ki, əhalinin sosial müdafiəsinin daha çox təmin olunsun. Bunun üçün də ölkə iqtisadiyyatına investisiyaları çoxaltmalıyıq, iqtisadiyyatın çoxşaxəli istiqamətini təmin etməliyik, yüksək texnoloji tutumlu sahələri inkişaf etdirməliyik ki, vətəndaşlarımız, o cümlədən çoxuşaqlı ailələr işlə təmin olunaraq öz sosial müdafiələrini təmin edə bilsinlər. Desək ki, bu kateqoriyaya artıq 4 uşağı olanları da aid etmək olar, amma verilən müavinətlər həmin ailələrin sosial xərclərinin qarşısını ala bilirmi? Hətta o müavinətlərin 30, 40, 50% artırılması problemi həll edəcəkmi? Ona görə də mən aktiv məşğulluq siyasətinin tərəfdarıyam. Bunun üçünsə dövlət investisiyalarını artırmaqla yanaşı, şərait yaradılmalıdır ki, özəl investisiya institutu lazımi səviyyədə işə düşsün.
Bank kreditləri investisiyaların artımına xidmət etməli, iqtisadiyyatda şaxələndirmə olmalıdır. Əgər iqtisadiyyat bir istiqamətdən çox asılıdırsa, əmək bazarında tarazlığı təmin edə bilməzsiniz. Nə qədər müavinət, güzəştli kateqoriyaların sayı artırılsa, bu problemlər daha da zəncirvari şəkildə davam edəcək. Çünki o zaman insanlarda fikir formalaşacaq ki, hansısa kateqoriyalara düşüb dövlətdən müavinət alsın. Amma biz əks istiqamətdə hərəkət etməliyik ki, insanlarımız əmək bazarına inteqrasiya olsun. İnsanlar arasında sual yarana bilər ki, bizim kompetensiyamız var, amma əmək bazarında iş yoxdur. Mən bu iradı qəbul edirəm. Mən dəfələrlə demişəm, yüksək peşəkarlıq bacarığına malik olan insan üçün həmişə iş var. Amma hər kəsin kompetensiyası yüksək səviyyədə deyil. Peşəkarlığı aşağı olan insanların iş tapması üçün problemlər var, bunu etiraf edirəm.
Amma onların əmək bazarına cəlb olunması, təhsillə bağlı kompetensiyalarının yüksəldilməsi sosial sahə ilə bağlı məsələ deyil. Bu iqtisadiyyatın strukturuna, təhsil müəssisələrimizin sisteminə daxildir. Bu problemi sistemli şəkildə həll etmək lazımdır. Daha çox iş yerləri açılmalı, bunun üçün iqtisadiyyatın strukturu dəyişməlidir. Bunun üçün də təhsil müəssisələrimiz öz mənfəətlərinə fokuslanan deyil, ölkənin uzunmüddətli dayanıqlı sosial inkişafına yönəlik siyasət aparmalıdır. Əmək bazarı bir tərəfdən sosial müdafiə sistemi, digər tərəfdən təhsil sistemi, eyni zamanda milli iqtisadiyyatın strukturu və dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyətidir. Biz buna nail olmalıyıq.
- ƏƏSMN yanında İctimai Şura sosial-həssas qrupa daxil olan şagird və tələbələrlə bağlı məsələlərin həlli istiqamətində hansı işlər görür?
- Bizə bu məsələ ilə bağlı da müraciətlər olur. Mən özüm bir çox universitetlərdə müxtəlif formatda təmsil olunuram. Sizin qeyd etdiyiniz tələbə kontingenti ilə daim əlaqədəyəm. Onların əksəriyyəti də mənim hansı qurum yanında İctimai Şurada təmsil olunmağımı bilir.
Hesab edirəm ki, tələbə təqaüdlərilə bağlı artımlara ehtiyac var. Tələbələrin sosial müdafiəsi yalnız stipendiyalar deyil. Onların təhsilini davam etdirməsi, əmək bazarında daha tez iştirak etməsi üçün işlər görülməlidir. İnsan 18 yaşına çatıbsa, tələbə olsa belə əmək bazarında tam şəkildə öz yerini tapmalıdır. Tələbə dərsdənkənar vaxtda öz bacarıqlarını praktiki olaraq tətbiq etməyi öyrənməlidir. Bu o demək deyil ki, bütün tələbələr işləyib özlərini dolandırsın, burada dövlətin müvafiq dəstəyi olmalıdır. Amma onların özlərinin peşə kompetensiyalarının formalaşması üçün bu lazımdır. İqtisadiyyat çox mürəkkəbdir, bir çox hallarda onların nəzəri əmək bazarında özlərini tapmasına yetərli olmur. Ona görə də daha tez əmək bazarında olması çağırışdır. Biz tələbələrimizin vaxtında əmək bazarına inteqrasiya edilməsinə doğru müvafiq addımlar atmalıyıq. Tələbələr tərəfindən müraciətlər çox olur. O yaşda insanların əmək bazarında olmasına həvəsləri varsa, bunu alqışlamalıyıq. Çalışıram ki, tələbələrimizin işlə təmin olunmasında aktiv iştirak edim.
- Jurnalistlərin İctimai Şura ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Mən mediamızdan İctimai Şuraya, şəxsən mənə münasibət baxımından çox razıyam. Demək olar ki, hər gün 4-5 media nümayəndəsilə təmasda oluram. Ümumiyyətlə, İctimai Şuraya münasibət baxımından bizim mediaya hansısa sualımız yoxdur. Biz media ilə kifayət qədər effektiv platforma qurmuşuq. Etiraf etmək lazımdır ki, sosial sahədə effektiv münasibətlərimizin formalaşması, o cümlədən ƏƏSMN-də kommunikasiyalara cavabdeh olan qurumlarla sağlam münasibətimizə də söykənir. Onların da bu istiqamətdə bizə böyük dəstəyi var. Müvafiq məlumatları yalnız nazirlikdən öyrənə bilərik. Həmin məlumatları əldə etməsək, media ilə əməkdaşlığımız çətin olardı.
Medianın özünün aktivliyi elə ictimai nəzarətin bir mexanizmidir. Mən cox istəyərdim ki, media resurslarında daha çox peşəkar, işinə məsuliyyətlə yanaşan nümayəndələr olsun. Çünki bu son nəticədə ictimai nəzarətə böyük bir dəstəkdir. Ən sonda bildirmək istəyirəm ki, istər media nümayəndəsinin, istər ictimai sektorun hansısa digər istiqamətində olan şəxsin, istərsə də dövlət məmurunun, ümumilikdə vətəndaşın vicdanlılığı ön planda olmalıdır. Çünki kompetensiyaları artırmaq olar, amma qeyd etdiyim olmadıqda istənilən peşəkar öz fəaliyyətini mənfi istiqamətə yönəldə bilər. Ona görə də çox istəyərəm ki, bizim ictimai sektorumuzun, mediamızın, dövlət qurumlarımızın daxilində daha çox ölkəsinə, vətəninə, xalqına bağlı olan vicdanlı həmvətənlərimiz olsun. Bu ölkəmizin bütün istiqamətlər üzrə imkanlarını genişləndirəcək.