"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib uğurla keçirməsi, sözün əsl mənasında anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin yuxusuna haram qatıb. COP29-u boykot taktikası uğursuzluğa düçar olan - başda Fransa, Niderland olmaqla bəzi Avropa ölkələri və erməni lobbisi hər vasitə ilə yüksək səviyyədə keçirilən tədbirə kölgə salmaq istiqamətində iyrənc, çirkin oyunlarını davam etməkdədirlər. Bu dəfə həmin güclər bəzi güclərin əlində alət olan özünü ekoaktivist adlandıran, Asperger sindromlu Qreta Tunberqdən faydalanmağa çalışırlar. Bu məqsədlə həmin güclər bu gənc xanımı İrəvana gətizdirib əlinə hazır mətn verib Azərbaycan əleyhinə danışdırmaqdadırlar".
Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.
O bildirib ki, artıq Qreta dünyada artıq ekoaktivist kimi deyil, bəzi güclərin əlində alət rolunda çıxış edən birisi kimi tanınır: "Hətta rusiyalı jurnalist Vladimir Solovyov öz "Telegram" kanalında Qreta haqqında yazaraq bildirib ki, bəziləri onu kapitalist lobbisinin əlində alət kimi görür.
Hətta RF prezidenti Vladimir Putin onun haqqında çıxış edərək deyib: "Qreta mehriban və səmimi qızdır. Amma kimsə uşaqları və yeniyetmələri öz maraqları üçün, hətta belə nəcib məqsədlərə çatmaq üçün istifadə edəndə, bu, ancaq qınanmağa layiqdir”.
Dünya mediasında Tunberqin valideynlərinin və PR menecerlərinin yaxşı yaradılmış siyasi layihə olması barədə fikirlərə tez-tez rast gəlmək olar. Elə onun Ermənistana gəlməsi faktı da bunu deməyə əsas verir. Çünki Qretanı Ermənistan özü deyil, hansısa qüvvələrin əli ilə gətizdirilib.
Qreta özü Azərbaycan haqqında geniş bilgiyə malik deyil. Sadəcə onun əlinə mətn verilib ki, belə çıxış et, o da tekstə uyğun danışır. Sual oluna bilər, əgər o, doğrudan da ekoaktivistdirsə, onda niyə ekologiyadan, qlobal iqlim problemlərindən danışmır?! Axı, o, bir kəlmə də olsun, bu barədə söz deməyib. Əgər ekologiya və ya iqlim böhranından danışsaydı, bəlkə də, onu haradasa başa düşmək olardı? Ancaq ekologiyaya, iqlim problemini kənara qoyub siyasi məsələlərdən danışır. Bir xalqa qarşı hərbi cinayətlər, soyqırım, terror törədən separatçı və terrorçuları dəstəkləyir. Hansı ki, bu separatçı və terrorçular Avropadakı himayədarlarının əli ilə Cənubi Qafqazda qanunsuz fəaliyyətləri ilə ciddi ekoloji problemlər yaradıblar. Belə bir "ekoaktivist"in qlobal iqlim probleminə obyektiv yanaşmasına necə inanmaq olar?! Onun bu hərəkətini ancaq və ancaq bəzi qüvvələrin əlində alət olaraq qlobal iqlim dəyişikliyinə qarşı effektiv mübarizəni təşkil etmək məqsədilə beynəlxalq həmrəyliyin əldə olunmasına maneə kimi dəyərləndirmək olar. Bu onu sübut edir ki, o kiminsə "dudkası" ilə hərəkət edir. Əslində, o bu addımı ilə özünü ifşa etmiş oldu. Bir də axı, sən kimsən? Sadəcə, maraqlı qüvvələrin əlində alət olub şişirdilən şarsan".
Mürtəza
Ölkə.Az