"Facebook"un sahibi "Meta"nın "Instagram" və "WhatsApp"ı satın alması ilə bağlı ABŞ Federal Ticarət Komissiyasının (FTC) açdığı inhisar əleyhinə məhkəmə işində mühakimə olunmasına qərar verildi.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da bir federal hakim, "Meta"nın "Facebook" platformasındakı bəzi məhdudiyyətlərin qanuni kommersiya səbəblərinə əsaslandığı barədə arqumentlərini qəbul etdi.
Lakin hakimin qərarında şirkətin "Instagram" və "WhatsApp"ı satın almasının "istehlakçılar üçün faydalı olduğu və fərdi sosial şəbəkə bazarında hakim mövqe əldə etmək məqsədi daşımadığı" müdafiəsini rədd edərək, "Meta"nın FTC-nin inhisar əleyhinə açdığı məhkəmə işində mühakimə olunacağı vurğulandı.
Federal hakimin qərarında tərəflərlə bu ay keçiriləcək görüş zamanı məhkəmə tarixinin müəyyən olunacağı qeyd edildi.
"Meta"nın sözçüsü mövzu ilə bağlı açıqlamasında "Instagram" və "WhatsApp"ın satın alınmasının rəqabət və istehlakçılar üçün faydalı olduğunu sübut edəcəyinə əmin olduqlarını bildirdi.
FTC-nin sözçüsü isə "Meta"nın inhisar gücünü məhdudlaşdırmaq və sosial media ekosistemində rəqabəti bərpa etmək üçün bu məhkəmənin əhəmiyyətini vurğuladı.
"Meta" məhkəmənin ləğvini istəmişdi
Komissiya, "Meta"nın 2012-ci ildə "Instagram"ı 1 milyard dollara və 2014-cü ildə "WhatsApp"ı 19 milyard dollara satın aldığında sosial media üzərində inhisarını qorumaq üçün qanunsuz davrandığı iddiası ilə 2020-ci ildə məhkəmə işi açmışdı.
FTC, "Meta"nın sözügedən tətbiqlərə həddindən artıq məbləğ ödədiyini irəli sürmüşdü.
"Meta" bu ilin aprel ayında federal hakimdən FTC-nin iddiasının məhkəmə iclası keçirilmədən ləğv edilməsini tələb etmişdi.
Rəhim