AZ

COP29-un qərarları Xəzərlə bağlı vəziyyəti tam dəyişə bilər...

Image

“İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. 

Bir sözlə, hər bir ölkə təsirə məruz qalır”. Bu fikirlər prezident İlham Əliyev tərəfindən COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində səsləndirilib.

Yaranmış vəziyyətdə Azərbaycan lideri tərəfindən Xəzər dənizi ilə bağlı mühüm təşəbbüs irəli sürülüb. Bu, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını özündə ehtiva edir. Azərbaycanın bu yanaşması sahilyanı ölkələr tərəfindən dəstəklənir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 Liderlər Sammitində milli bəyanatında bununla bağlı bildirib: “Dünyanın ən böyük gölü təhlükədədir. Bu, narahatlıq doğurur və uzunmüddətli beynəlxalq birgə fəaliyyət tələb edir. Azərbaycan prezidenti İlham Əliyevin Xəzər üzrə təşəbbüsünü, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını alqışlayır və dəstəkləyirik”. COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bunlar fonunda qeyd edir ki, Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur. O qeyd edib ki, bunun üçün də milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir: “Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”. Dənizlə bağlı problemlərdən bütün shilyanı ölkələr ciddi əziyyət çəkilər. Məsələn, Türkmənistan rəhbərlərinin və dövlət qulluqçularının istirahəti üçün nəzərdə tutulmuş “Avaza” dənizkənarı kurortunun tikilməsinə 2007-2017-ci illərdə böyük vəsait xərclənib. Di gəl, Xəzər dənizində su səviyyəsinin kəskin azalması kurortu “dənizsiz” qoyub. Dəniz sahildən 25-30 metr uzaqlaşıb. "Avaza"nın ərazisində çoxlu otel, su parkı və digər əyləncə obyektləri var. Bura Türkmənistanın tək dənizkənarı çimərlik kurortudur. Avqustda prezident Sərdar Berdiməhəmmədov və digər yüksəkvəzifəli şəxslər buraya istirahətə gəlirlər. Dövlət müəssisələri də öz işçilərini məzuniyyətə “Avaza”ya göndərir. İddialara görə, suyun geri çəkilməsi Rusiyada hidrotexniki layihələr üzündən Ural və Volqa çaylarında su axınının səngiməsindən və qar həcminin azalmasından qaynaqlanır.

Türkmənistan dənizin bu problemini tanımayan tək ölkə olsa da, bu, “Avaza”ya gələn hər bir ziyarətçiyə aydındır. Onlar dənizə yaxınlaşa bilmirlər. Bu ilin iyulunda “Avaza”ya gələn “Azadlıq” radiosunun türkmən xidmətinin müxbiri bildirib ki, otellər sahildən uzaq yerlərdə süni çimərliklər inşa etməyə çalışır.

Türkmənistan “Avaza”ya nə qədər pul xərcləndiyini açıqlamayıb. Hökumətyönlü qaynaq Azadlıq Radiosuna bildirib ki, lüks dərəcəli bəzi otellərin qiyməti 40-50 milyon dollar arasında dəyişir. Dəniz səviyyəsinin enməsi buradan 15 kilometr uzaqlıqda yerləşən Türkmənbaşı limanına da təsir göstərib. 2018-ci ildə təntənəli açılışı olan Türkmənbaşı ölkənin ən yeni limanıdır. Adının gizli saxlanılmasını istəyən mütəxəssis bu xüsusda qeyd edir: “Limana yaxın dəniz sahili hidravlik nasoslarla dərinləşdirilir. Rusiyadan alınan avadanlıqla təkcə limanda deyil, dənizə çıxmaqla Azərbaycana gedən səmtdə də dənizdən qum çıxarılır”. 2018-ci ildə rəsmilər bildirmişdilər ki, Türkmənbaşı limanı ildə 17 milyon ton yük və 300 min sərnişin daşınması üçün nəzərdə tutulub. O vaxtdan bugünədək yük və sərnişindaşıma həcmilə bağlı faktiki rəqəmlər açıqlanmayıb. Təcrid siyasəti aparan Türkmənistan üçün həmin liman önəmli xarici ticarət kanalına çevriləcəkdi. Amma indi gəmilər iki kilometr uzaqdakı köhnə limana göndərilir. Yeni limandan oraya iki kran aparılıb və indiyədək köhnə liman kiçik sərnişin gəmiləri üçün istifadə olunur. Problem çözülməsə, Xəzəri daha böyük problemlər gözləyir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bildirir ki, Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət etmək üçün regional və beynəlxalq əməkdaşlıqlarla yanaşı, maliyyə dəstəyi də ayrılmalıdır. O, Xəzər dənizinin ekoloji problemlərinin çoxluğundan danışıb: “Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. Azərbaycan Prezidenti Aşqabad Sammitində ilk dəfə olaraq Xəzərin səviyyəsinin aşağı düşməsi və Xəzərin ekoloji problemlərinə sahilyanı dövlətlərin daha yüksək yanaşması üçün çağırış edib. Bütün bu məsələlər hazırda da aktuallığını saxlayır. Xəzərin su səthinin aşağı düşməsi Xəzəryanı ölkələr, xüsusilə də Xəzərin sahilində yerləşən yaşayış məntəqələri üçün ciddi problemlərə yol aça bilər. Bu məsələdə həmrəy olmaq lazımdır. Xəzəryanı ölkələr dənizin su səthinin nəzarətdə saxlanması, flora və faunasının qorunması üçün layihələrin hazırlanması ilə bağlı səylərini əsirgəməməlidirlər". Bu durumda COP29 çərçivəsində qəbul ediləcək qərarlar Xəzər dənizinin problemlərinin həllində həyati önəm kəsb edə bilər.

Samirə SƏFƏROVA





Seçilən
59
baki-xeber.com

1Mənbələr