Nazir müavininin açıqlamasına münasibət bildirən siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, Taliban hökumətinin qarşısında dayanan bir nömrəli məsələ onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. S.Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Taliban hökumətini Qətərdən başqa heç bir dövlət rəsmi olaraq tanımır:
“Bir çoxları "Taliban"ı terrorçu təşkilat olaraq qəbul edir. Odur ki, "Taliban" kiçik bir təşkilat olduğunu və qurduğu hökumətin dünya ilə ayaqlaşa biləcəyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyir. "Taliban" BMT tərəfindən tanınmaq və onun nümayəndəsinin ölkəsində olmasını istəyir. Fikrimcə, zaman keçdikcə Taliban hökuməti müxtəlif dövlətlər tərəfindən tanınmağa başlayacaq. Çünki Taliban hökumətinin müxtəlif səviyyəli üzvləri ilə, nazirlərlə dünyanın bir çox ölkələrində görüşlər keçirilir. Hətta bunu rəsmi görüşlər də adlandırırlar. Hesab edirəm ki, BMT gələcəkdə "Taliban"ın bu tip müraciətlərini müsbət qarşılayacaq. "Taliban"ın qarşısında qoyulan əsas tələb ölkədə qadın hüquqlarını pozmamaq və insan hüquqlarına hörmətlə yanaşmaqdır, fikir və söz azadlığını, media azadlığını təmin etməkdir. Bu məsələlərdə "Taliban" radikal davrandığından müxtəlif təşkilatlar və dövlətlər, o cümlədən, BMT onu qınayır”.
Törə Zeynallı
Demokrat.az