AZ

Belə yerdə deyiblər dəvəquşudur nə uçur...

Milli maraq və mənafelərə yönəlik çıxışları, zərərli ritorikaları ilə  daim həqiqətləri təhrif edən “baş cəbhəçi”, daha doğrusu, baş boykotçu Əli Kərimli öz xəyanətkar xislətindən əl çəkmir

Bədxahlarımızın arzuları yenə gözlərində qaldı. Çünki anti-Azərbaycan dairələrin gözdağına çevrilən Bakı bu günlərdə növbəti dəfə tarixi uğura imza atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə ölkəmiz bir daha dünyaya öz iqtisadi və siyasi gücünü göstərir. Belə ki, bu mötəbər tədbirdə 196 ölkədən 72 min nəfərin, o cümlədən 80 ölkənin prezidenti, vitse-prezidenti və baş nazirinin iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi. Məhz buna görə də bu gün biz qürurla deyirik: “Dünya Bakıya qonaq gəlib”.

Beynəlxaql əhəmiyyətli tədbirlərin uğurla reallaşdırılması sahəsində böyük təcrübəsi olan ölkəmizin bu möhtəşəm tədbirlə bağlı təbliğ və təşviq etdiyi istiqamətlərin qlobal dəstək qazanması, həmçinin Paris razılaşmasının prinsipial 6.4-cü maddəsi ilə bağlı ortaq məxrəcə gəlinməsi artıq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının uğuru kimi qəbul oluna bilər. Əminliklə demək olar ki, Azərbaycan COP 29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəmir. Azərbaycan energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov bildirib ki, COP müzakirələrində iki əsas xətt var: “Danışıqlar və müzakirələr xəttində mütləq konsensus olmalıdır. Tərəflərdən hər birinin “hə” deməsinə ehtiyac yoxdur, amma heç biri “yox” deməməlidir. Buna yerində qərar verilir. Daha sonra qərar üçün imkan verilməz. Noyabrın 22-də veriləcək qərar yekundur, xüsusi ratifikasiyaya ehtiyac yoxdur. Paralel olaraq prezidentliyin fəaliyyət gündəliyi var. Orada konsensusun əhəmiyyəti yoxdur. Daha demokratik olsa da, daha yavaşdır və hər zaman effektiv olmur. Kompensasiyaedici və dəstəkverici faktor olaraq biz fəaliyyət gündəliyini təqdim etmişik ki, bu konsensusa ehtiyac olmaması halında daha sürətli və effektiv qərarların verilməsinə zəmin yaradır. Bu iki xətt bir-birinə paralel şəkildə yekunda COP29-u uğur hekayəsinə çevirəcək”.

Təbii ki, bütün bunlar anti-Azərbaycan dairələri və onların ölkəmizdəki əlaltılarını-radikal müxalifət düşərgəsinin təmsilçilərini ciddi narahat edir. Erməni lobbisi, onların çirkli pulları ilə bəslənən mərkəzlər, eləcə də AXCP sədri Əli Kərimli kimi siyasi kələkbazlar COP29-un Azərbaycanda keçirilməsinə dair qərarın verildiyi saatdan etibarən ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasını bütün bəşəriyyəti narahat edən problemləri həll edilən tədbirin davam etdiyi günlərdə də, necə deyərlər, qılıncı yerə qoymurlar. Bu məkrli qüvvələr əllərində olan bütün vasitələrdən- beynəlxalq mediadan, “beyin mərkəzləri”ndən istifadə edərək ölkəmizin imicini ləkələmək, onun beynəlxalq aləmdə  mövqelərini laxlatmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər.

Uzun illərdən bəri Azərbaycanın əleyhdarlarının maşası rolunu oynayan AXCP sədri Ə.Kərimli və onun başıpozuq dəstəsi bu yöndə daha çox canfəşanlıq edir. Belə ki, Ə.Kərimli utanmadan bildirir ki, xarici media orqanlarında COP29-un əleyhinə məqalələr dərc etdirir. AXCP sədri utanmadan belə yazır: “Böyük Britaniyanın dünya media nəhənglərindən olan “The Times” qəzeti mənimlə müsahibə dərc edib. Qəzet müsahibəni oxucularına “Müxalifət deyir ki, Azərbaycan hakimiyyəti COP29-dan öz korrupsioner imicini təmizləmək üçün istifadə edir” başlığı ilə təqdim edib”. Ə.Kərimli "The Times”ə deyib: "Azərbaycan hökuməti heç vaxt ekoloji problemləri və ya iqlim dəyişikliyini ciddi qəbul etməyib. Uzun illər Azərbaycanın meşələrini məhv ediblər, Xəzər dənizini çirkləndiriblər. Onlar hətta  Azərbaycanı içməli su ilə təmin etməyiblər”.

Şübhəsiz, Ə.Kərimli kimi mənəvi-əxlaqi deqradasiyaya uğrayan siyasi kələkbazdan bundan artıq nə gözləmək olardı ki? Əslində burada təəccüblü bir şey yoxdur. Çünki bir qərinəyə yaxın Azərbaycanın əleyhdarlarının maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərən, dövlətçiliyə, milli maraq və mənafelərə yönəlik çıxışları, zərərli ritorikaları ilə  daim həqiqətləri təhrif edən “baş cəbhəçi”, daha doğrusu, baş boykotçu yenə də öz xəyanətkar xislətindən əl çəkmir. Yəni, AXCP sədri xaricdəki ağalarından aldığı tapşırıqları yerinə yetirir. Daha nə deyəsən? Belə yerdə deyiblər ki, dəvəquşudur nə uçur, nə yük aparır.

Zahid Rza, “İki sahil”

Seçilən
40
50
ikisahil.az

10Mənbələr