Bəhruz Quliyev: “Bir sıra məsələləri nəzərə alsaq, Trampın 907-ci düzəlişi donduracağı inandırıcı görünür”
Məlum olduğu kimi, Donald Tramp Birləşmiş Ştatların 47-ci prezidenti seçilib. Bundan əvvəl Tramp 2017-2020-ci illərdə ABŞ prezidenti olub.
O da məlumdur ki, 2020-ci ildən Azərbaycana qarşı ABŞ dövlət yardımını qadağan edən 907-ci düzəliş hər il dondurulurdu. Trampın əvvəlki prezidentliyi dövründə hər il 907-ci düzəliş onun tərəfindən dondurularaq Birləşmiş Ştatlar Azərbaycana dövlət yardımını təmin edib. Tramp əvvəlki prezidentliyi dövründə Azərbaycanla bağlı qərəzli siyasət yeritməyib. Bayden isə ABŞ Əfqanıstanı tərk edəndən sonra Azərbaycana qarşı qadağaya məhdudiyyət qoymadı. Çünki Bayden erməni lobbisinin maraqlarından çıxış edirdi.
O baxımdan maraqlıdır, Trampın ikinci dəfə prezident olmasından sonra bununla bağlı nə gözlənilir? 907-ci düzəliş dondurulacaqmı?
“44 günlük müharibədə Vaşinqtonun göstərdiyi loyallıq əslində Azərbaycan haqlı tərəf olduğu üçün idi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölişən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “907-ci düzəlişin ABŞ-ın yeni seçilmiş prezidenti Tramp tərəfindən dondurulmasına birmənalı fikir bildirimək çətindir. Hər şeydən əvvəl qeyd edək ki, Tramp Baydendən əvvəlki prezident deyil artıq, xarici və daxili siyasətində korrektələrin çox olacağı da istisna deyil. Prezident seçkiləri ərəfəsində anti-Azərbaycan mövqe nümayiş etdirməsini erməni seçicilərin səsini qazanmaq siyasəti kimi də qəbul edə bilərik. Onun Kilikiya kilsəsinin başçısı I Arama zəng etməsi, Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbərləri ilə keçirdiyi görüş də diqqətdən yayınmadı. Buna baxmayaraq, ANCA seçki kampaniyası dövründə Kamala Harrisin təbliğatı ilə məşğul oldu, Donald Trampın əleyhinə dəfələrlə açıqlama verdi, 20 ştatda Konqresə keçirilən seçkilərdə Demokratların namizədlərini dəstəklədi. Bütün bunları nəzərə alsaq, Trampın “907-ci düzəliş”i donduracağı inandırıcı görünür”.
Politoloq B.Quliyevin fikrincə, ABŞ siyasətində dəyişiklikləri hər an gözləmək olar: “Amerika dövlətinin dəyişməz və dəyişən siyasətləri var. Dəyişən siyasətləri prezidentlər hazırlayır və həyata keçirirlər. İndiki məqamda Trampın atacağı addımlar onun toplamaqda olduğu komandasından da asılı olacaq. Ukraynada, Yaxın Şərqdə, o cümlədən dünyanın digər nöqtələdində gedən müharibələrin gələcəyi barədə yeni seçilmiş prezidentin mövqeyi tərəflərdən bir çoxunu qane etmir. Hələlik, Trampın xarici siyasətindən razılıq edənlər azlıq təşkil edir. Vəziyyət hər an dəyişə də bilər. 2020-ci ildə 44 günlük müharibə başlayanda Tramp ABŞ prezidenti idi və hadisələrin gedişatından xəbərdar idi. Vaşinqtonun göstərdiyi loyallıq əslində Azərbaycan haqlı tərəf olduğu üçün idi. Əks təqdirdə gözlənilməz və arzulamadığımız addımlar atıla bilərdi. Azərbaycanın sülhyaratma missiyasında göstərdiyi fədakarlıq, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılmasında verdiyi dəstək Ağ Ev tərəfindən lazımi şəkildə qiymətləndirildi. Əfsuslar olsun ki, ermənipərəst siyasəti ilə seçilən Demokratlar Partiyasının nümayəndəsi Bayden hakimiyyətə gəldikdən sonra həm “erməni soyqırımı” ifadəsini işlətməklə, həm də 907-ci düzəlişi yenidən tətbiq etməklə bütün türk dünyasının düşməni olduğunu isbatlamış oldu. İndiki dönəmdə, böyük ehtimalla, Tramp 907-ci düzəlişin ən azından yenidən tətbiqini dayandıracaq”.
Vidadi ORDAHALLI