AZ

Ermənistanın ekoloji terrorunu ifşa etmək üçün yeni fürsət

Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı ölkəmizdə  bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas olmağın yollarını axtarırlar. İlk növbədə onu qeyd edək ki, dünyanın ən mötəbər tədbiri olan COP-un 29-cu sessiyasının məhz Bakıda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Eyni zamanda, Azərbaycan bu mötəbər tədbirdə Ermənistanın torpaqlarımızda barbarcasına həyata keçirdiyi ekoloji terror barədə  onminlərlə tədbir iştirakçısını, xüsusilə də dünya ölkələrinin liderlərini canlı şəkildə məlumatlandırmaq imkanı qazanıb. Bəli, Ermənistan  terroru dövlət siyasəti səviyyəsində həyata keçirən bir barbar ölkədir. Haylar son  bir əsrdən artıq müddətdə himayədarlarına güvənərək qonşularına qarşı açıq şəkildə qətliamlar, soyqırımlar törədiblər. Xüsusilə hayların Azərbaycanda törətdikləri soyqırımların qurbanları onminlərlədir. Təbii ki, 2020-ci ilin sentyabrın 27- də başlayan İkinci Qarabağ müharibəsində onların burnu Azərbaycan Ordusu tərəfindən ovuldu. Bununla da əsrin ən qanlı dərsini almış oldular. İndi Azərbaycanın qədim torpaqları azad və firvandır. Artıq Cənubi Qafqazın tarixində  ilk dəfə olaraq separatizmə və terrorçu xuntaya da Azərbaycan son qoydu. Bununla da hayların «dənizdən dənizə- böyük Ermənistan» iddiası dəfn edilmiş oldu.

Bütün bunlara baxmayaraq Ermənistanın ölkəmizə qarşı apardığı digər terror əməli isə ekologiyamıza vurduğu ağır yaralardır. Beynəlxalq hüquqda  bildrilir ki, hər hansı bir ölkə və yaxud şəxslər tərəfindən digər ölkənin təbiətinə, flora və faunasına qəsdən zərər yetirmək ekoloji terrordur və bunun ağır cəzaları da mövcuddur. Qeyd edək ki, 30 ildən çox erməni işğalı altında qalan Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, dinc əhalinin soyqırımı, eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsi də ən ağır və genişmiqyaslı ekoloji terrordur. Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından bu dövrdə atmosfer, su mənbələri, torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.  
İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Bir sözlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.
İşğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin,  meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin bir daha şahidi olduq. Cənubi Qafqazda ən zəngin təbiətə malik olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının ekosisteminin darmadağın edilməsinin miqyası o qədər böyükdür ki, onun bərpası üçün on illərlə vaxt lazımdır.

Bu gün işğaldan azad oluna ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğalaqədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəsi var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80 faizi məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki, pöhrə belə verməsinlər. Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın çox böyük mənfi təsirləri aydın hiss edilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı işğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var İşğal dövründə onların 52-də qanunsuz istismar işləri aparılıb. Belə ki, burada çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır və nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb.

2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmaq planlaşdırılıb. Yəni, qarşıdakı illərdə bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələr hazırlanıb. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdəki xüsusi mühafizə olunan ərazilərin fəaliyyətlərinin bərpasına başlanılıb. Belə ki, Prezidentin 2021-ci il 20 oktyabr tarixli Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib, Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə də başlanılıb. Hazırkı mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Digər xüsusi mühafizə olunan ərazilərlə bağlı işlərin də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsinə başlanılıb. Bu isə o deməkdir ki, qoruq və yasaqlıqların bazasında ekoturizm fəaliyyətinə imkan verən milli parklar və təbiət parkları yaradılacaqdır.

İşğal dövründə Laçın ərazisindəki Qaragöl Dövlət Təbiət Qoruğu, xüsusən də gölün özü çox ziyan görüb. Orada mövcud olmuş ekosistem, demək olar ki, tamamilə məhv edilib.  Bu gün təəssüf ki, ikili standartlar hər yerdə olduğu kimi, burada da özünü göstərir. Belə ki, üzvü olduğumz bütün beynəlxalq təşkilatlara edilmiş müraciətlərimizə baxmayaraq, hələ də bir beynəlxalq təşkilat da  bununla bağlı ciddi etirazını bildirməyib. İşğalaqədərki dövrdə Bəsitçay Dövlət Təbiət Qoruğunda 108 hektar ərazinin 83 hektarı Şərq çinarı meşəsi olub, onun 40 hektardan çoxu işğal dövründə tamamilə məhv edilib. Bütün təbiətimiz kimi, xüsusi mühafizə olunan ərazilərimiz də ziyan görüb. Arazboyu Dövlət Təbiət Yasaqlığında meşə örtüyünün çoxu tamamilə məhv edilib. İndi o yerlərdə bərpa prosesini sürətləndirmək üçün yüksək xüsusi mühafizə statusuna zərurət var və bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir. Oxçuçaydakı çirkləndiricilər suyun töküldüyü Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə axır. Nəticədə Xəzər hövzəsindəki 5 (Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan) ölkənin ekosistemində çirklənmələr baş verir ki, bu da təkcə Azərbyacanın yox, digər Xəzəryanı  ölkələrin birgə həll etməli olduğu məsələdir. Çünki Xəzəryanı region orada bütün baş verənlərə görə yalnız  «Xəzər beşliyi»nin – Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın məsuliyyət daşıdığı region olaraq qalır.

Elçin Zaman, «İki sahil»

Seçilən
44
ikisahil.az

1Mənbələr