AZ

Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib

“Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.” Dövlət başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində bir daha diqqəti Azərbaycanın əməkdaşlıq məkanı kimi nüfuz qazanmasına və bu mövqeyini günbəgün möhkəmləndirməsinə yönəltdi.

Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri təbii ki, sabitlik diyarı kimi nüfuz qazanmasıdır. Bu gün ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi tanınmasında da bu amilin rolu inkaredilməzdir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra əsas çağırışlardan biri bu oldu ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil.

Təbii ki, bugünkü uğurlarımızı düzgün dəyərləndirmək üçün müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmağa böyük zərurət duyulur. Bu fakt daim vurğulanır ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi vəziyyətin ağırlığı Azərbaycanla iqtisafi əkaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, bütün sahələrdə uğurlara yol açdı. Ulu Öndər sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirdi.

Bu gün böyük əminliklə qeyd edirik ki, ölkəmizdə təhlükəsizlik, əmin-amanlıq təmin edilib, sabitlik bütün dünya üçün nümunədir. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Azərbaycan güclü dövlətdir və ildən-ilə gücümüz artmaqdadır.

Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin potensialından istifadə etmək imkanlarına malik ölkəyik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyev sözügedən Liderlər Sammitində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan da danışdı. Hazırkı dövrün əsas çağırışı kimi yaşıl enerjiyə keçidin prioritetliyi açıqlandı. Cənab İlham Əliyev bildirdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin “Masdar” şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb: “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.”

Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?

Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Ənənəvi sənaye mərkəzlərimizdə, - Bakı şəhərində, Sumqayıt şəhərində, sənaye parkları, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir. Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 21 ildə minlərlə yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bu fikir hər zaman qeyd olunur ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Cənab İlham Əliyev hər zaman bildirir ki, atılan addımlar Azərbaycanın inkişafının hərtərəfli və sürətli olmasına xidmət edir.

Yeni dövrün Azərbaycanının qarşıya qoyduğu hədəflər ölkəmizin gələcəyi barədə aydın təsəvvür yaradır. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr həyata keçirilir. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Cənab İlham Əliyev bildirir ki, elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək: «Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq… Əminəm ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar bizim iqtisadi inkişafımızı daha da sürətləndirəcəkdir.»

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bu istiqamətdə bütün zəruri olan şəraiti yaradır. Bunun üçün təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda sahibkarlara diqqət və qayğıya nəzər salmaq kifayətdir. Atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı təmin edir. Bir sözlə, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir.

Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamıdır. Cənab İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında Azərbaycanın tarixən neft ölkəsi kimi tanınmasından da geniş bəhs etdi. Bildirdi ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Azərbaycan ilklərə imza atan ölkədir. Buna əsas verən dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmasıdır. Cənab İlham Əliyev yeni körpülərin yaradılmasını qarşıya prioritet məsələ kimi öndə saxlayır. Yeni salınan körpülər əməkdaşlığın coğrafiyasının genişləndirilməsini şərtləndirir. Bu fakt inkaredilməzdir ki, əlaqələr öncə regional çərçivədə quruldu. Zaman keçdikcə əməkdaşlıq beynəlxalq miqyas aldı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Günümüzün əsas çağırışı budur ki, dostluq, əməkdaşlıq yolunda irəliləməliyik. Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq. Bu da sülhü təşviq edə bilər.

Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün ciddi səylər göstərir. Ölkəmizin bu mövqeyi COP29-un Liderlər Sammitindəki çıxışlarda da təqdir edildi. Belə ki, Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif bildirdi ki, Prezident İlham Əliyev həqiqətən də rəhbərliyi və liderliyi ilə hamını sülhün vacibliyinə inandırdı. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edən xanım Maimuna Mohd Şərif vurğuladı ki, Azərbaycan öz şəhərlərini yenidən bərpa edir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. O da vurğulandı ki, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır: “Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərdən və təşkilatlardan multilateral yanaşmağı və BMT-yə dəstək göstərməyi xahiş edirəm. COP29-da daha dəqiq tədbirlər, vaxtlar və son tarixlər ilə bir yerdə planetimizi qorumalıyıq. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq.”

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
56
ikisahil.az

1Mənbələr