AZ

BMT "İsrailin Qəzza zolağında apardığı savaşı "soyqırımı xüsusiyyətlərinə uyğun" adlandırdı...

2024-cü ilin əvvəlinə qədər Qəzzaya iki nüvə bombasına bərabər olan 25.000 tondan çox partlayıcı atılıb..."
 
"İsrailin Qəzza zolağında apardığı müharibə soyqırımın xüsusiyyətlərinə uyğundur". 
 
Moderator.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının xüsusi komitəsi İsrail hakimiyyətini “aclıqdan müharibə üsulu kimi istifadə etməkdə” ittiham edərək bildirib.
 
Cümə axşamı dərc edilən hesabatda BMT-nin İsrail Təcrübələrini Araşdırma üzrə Xüsusi Komitəsi rəsmi Təl-Əvivi “aclıqdan müharibə üsulu kimi istifadə etməkdə” günahlandırıb və nəticədə “kütləvi mülki itkilər və fələstinlilərin həyatı üçün təhlükə yaradan şərait” yarandığını bildirib.
“Müharibənin əvvəlindən İsrail rəsmiləri fələstinliləri həyatlarını təmin etmək üçün lazım olan qida, su və yanacaq kimi ehtiyaclardan məhrum edən siyasəti açıq şəkildə dəstəkləyiblər. Bu bəyanatlar humanitar yardıma sistemli və qeyri-qanuni müdaxilə ilə yanaşı, İsrailin siyasi və hərbi qazanclar üçün həyati xilasetmə ləvazimatlarını alətə çevirmək niyyətini açıq şəkildə göstərir”, -deyə bəyanatda vurğulanır.
"7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzzada apardığı müharibədə ən azı 43 736 fələstinli həlak olub, 103 370 nəfər isə yaralanıb", - anklavın Səhiyyə Nazirliyi cümə axşamı bildirib.
 
Hesabatda həmçinin vurğulanıb ki, BMT-nin dəfələrlə etdiyi müraciətlərə, Beynəlxalq Ədalət Məhkəməsinin məcburi göstərişlərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, "İsrail Fələstin əhalisinə “kollektiv cəza” verməkdə davam edir. İsrailin Qəzzada həyata keçirdiyi geniş bombardman kampaniyası “əsas xidmətləri məhv etdi” və “sağlamlığa davamlı təsirləri olacaq ekoloji fəlakətə səbəb olub”.
 
Hesabatda deyilir ki, 2024-cü ilin əvvəlinə qədər Qəzzaya iki nüvə bombasına bərabər olan 25.000 tondan çox partlayıcı atılıb və bu, "kütləvi dağıntılara və su və kanalizasiya sistemlərinin dağılmasına, kənd təsərrüfatının məhvinə və zəhərli çirklənməyə səbəb olub".
 
"Əl-Cəzirə"nin araşdırması göstərib ki, müharibə başlanandan keçən bir il ərzində Qəzzaya atılan partlayıcıların həcmi təqribən 75.000 tona çatıb və 42 milyon tondan çox dağıntı əmələ gəlib.
 
Eyni zamanda, bombardmanlar 114 xəstəxana və klinikanı dağıdıb və 165 həkim, 260 tibb bacısı, 184 səhiyyə işçisi, 76 əczaçı və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən 300 idarə və yardımçı heyət üzvü, o cümlədən 85 Fələstin Mülki Müdafiə işçisi olmaqla 986-dan çox tibb işçisini öldürüb.
 
Hesabatda əlavə olaraq, İsrailin təkcə "HƏMAS" döyüşçülərinin deyil, həm də çoxlu qadın və uşaq da daxil olmaqla mülki şəxslərin həlak olduğu döyüşlərdə süni intellektdən istifadə etməsi ilə bağlı “ciddi narahatlıqlar” qaldırılıb.
 
“İsrail ordusunun ağır bombalarla birlikdə minimal insan nəzarəti ilə süni intellektlə dəstəkli hədəfləri istifadə etməsi İsrailin mülki şəxslərlə döyüşçülər arasında fərq qoyma və mülki şəxslərin ölümlərinin qarşısını almaq üçün adekvat təminatlara əməl etmə öhdəliyinə məhəl qoymadığını vurğulayır”, - deyə Xüsusi Komitə bildirib.
 
Aprel ayında "Əl-Cəzirə"nin araşdırması göstərib ki, “Lavender” adlı süni intellektlə dəstəklənən sistem “37.000-ə qədər hədəfin” öldürülməsi siyahılarının tərtibinə cavabdehdir.
 
S.Laçın
Seçilən
54
1
moderator.az

2Mənbələr