AZ

“Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?”-ETİRAZ+ARAŞDIRMA

Tanınmış aşıq, əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəzail Miskinli Moderator.az-a açıqlamasında aşıqlar üçün vahid geyimin olmamasından şikayətlənib.
 
Aşıq bildirib ki, geyim eskizi üçün hələ illər öncə rəsmi şəkildə müraciət olunub, amma cavab gəlməyib. 
 
“Bu gün aşıqlarımız üçün yeni bir geyim, eskiz hazırlanmalıdır. Mütləq şəkildə bu məsələ öz həllini tapmalıdır. Biz o ən-ənəni, klassikanı saxlamaqla, bu günki müasirliyimizi də ora qatmalıyıq, çünki sənət adamı ilk növbədə səhnəyə çıxanda tamaşaçı ondan zövq almalıdır. Estetik zövqü formalaşdıran ən əsas amil geyimdir. O vaxt ustad Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri idi. Müraciət olunmuşdu ki, bizim aşıqlarımıza milli geyim eskizi hazırlansın və eskiz təqdim olunsun. Sonra aşıqlarımız o geyimi geyinsinlər. Məsələ o vaxtdan qaldı, eskiz o vaxt hazırlanmadı. Bu gün bizim aşıqlarımızın geyimi var, başında buxara papaq, çəkmə, qəlfiyi şalvar. Milli çuxa deyirlər onu aşıqlar da geyinir, digər insanlar da” deyə aşıq bildirib.
Fəzail Miskinli bildirib ki, Aşıqlar Birliyi tərəfindən aşıqlar üçün geyim hazırlansa da bu təsdiq olunmuş, hər aşıq tərəfindən qəbul olunmuş rəsmi geyim deyil:
 
“Konkret olaraq təsdiq olunmuş geyim deyil. Sadəcə olaraq özləri gedib tikdiriblər, xoşlarına gəlib geyinirlər. Kişi aşıqlarımız bu gün hərbi geyim tərzində geyimdən istifadə edir, onun əleyhinəyəm. Mən Avropaya gedəndə kostyum geyinirəm və babıçka taxıram. Təsəvvür edin ki, 35-40 dərəcədə istidə mən o aşıq geyimini necə geyinim? Heç vaxt geyinməmişəm, geyinmərəm də. Hətta bir neçə dəfə bu geyim məsələsinə görə tədbirlərə qatılmamışam. Söhbət çuxadan gedir. Bu təkcə bizim yox, həm də gənclərin narazılığıdır. Onlar da etiraz edir, geyinmək istəmirlər. Biz sadəcə öz tövsiyyə və düşüncələrimizi deyirik. Aşıq bilmir isti ilə mübarizə aparsın, yoxsa ifasını etsin! Konkret olaraq eskiz hazırlanmalıdır və vahid geyim olmalıdır” deyə tanınmış aşıq bildirib.
 
Modelyer Şəlalə Maqsudova saytımıza açıqlamasında bildirib ki, aşıqların geyimi digər sənət sahiblərinin geyimlərindən fərqlənməlidir. 
 
“Bu gün aşıqların geyimləri yoxdur, seçilmirlər. Əvvəllər aşıqların geyimi var idi, bu geyimə baxanda bəlli olurdu ki, bunlar aşıqdırlar. Amma zəmanəmizin aşıqlarında əsər-əlamət qalmayıb. Keçmişdəki aşıq geyimləri də o qədər də gözəl deyildi. Çünki istisi var, yayı var. Düşünürəm ki, aşıqların fərqli geyimi olsa daha gözəl olar. Həmin geyimlərdə həm milli ornamentlər, həm aşıq sənətini göstərən eskiz olsa daha fərqlənər. Aşıq geyim deyiləndə ilk növbədə insanların düşüncəsinə saz gəlir. Çox istəyirəm ki, sazın hansısa eskizi o geyimlərdə əks olunsun. Həm də axı aşıq olan şəxs cəmiyyətə sözün əsl mənasında nümunə olmalıdır. Həm geyimi ilə, həm də davranışı ilə” deyə modelyer bildirib.
Seçilən
28
1
moderator.az

2Mənbələr