AZ

Azərbaycan beynəlxalq təşkilatların etimadını qazanıb

İstiqamət:  Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin,  ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyat əhəmiyyətli fəaliyyəti özündə ehtiva etdirir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq  Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir.
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biri, Qoşulmama Hərəkatının fəal üzvüdür. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə   sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Beynəlxalq və regional  təşkilatlarda iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını müdafiə edib gerçəkləşdirir.
Azərbaycan sülh, təhlükəsizlik, inkişaf və insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və sözügedən məschr("39")lələrin həllinə öz töhfəsini verir. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvü kimi nüfuzlu təşkilatların nizamnamələrində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə beynəlxalq institutlarda sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir. Üstəlik bir çox beynəlxalq təşkilatlara üzv olmaqla onların mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq və regional təşkilatların üzvü kimi sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak edir və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini verib.
Ölkəmiz hətta beynəlxlaq təşkilatlara sədrlik etdiyi dövrdə qlobal beynəlxlaq problemlərin həllinə öz dəstəyini əsirgəməyib. Belə təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır ki, ölkəmiz 2019-cu ildən 2023-cü ilə qədər bu təşkilata sədrlik edib. Belə ki, Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri qatılıb. Bakı Sammiti ilə Hərəkata Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb. Azərbaycan Hərəkata sədrliyi dövründə həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təkliflərlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Nəticədə dünya ictimaiyyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un  Azərbaycanda keçirilməsinə qərar verib.
Azərbaycana qarşı məqsədli şəkildə aparılan qarayaxma kampaniyasına baxmayaraq nəhayət ki, 2024-cü il noyabrın 11-də dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi reallaşdı. Etiraf edək ki, bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Qeyd edək ki, Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi ölkəmizin BMT ilə səmərəli əməkdaşlığının nəticəsidir. Onu da qeyd edək ki, COP tədbirləri ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Hazırda Konvensiya 198 tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir.

Ekspertlərin qənaətinə görə,  COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. Konfrans Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini tənzimləyəcək. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq. COP29-un ölkə iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır. Konfrans eyni zamanda, torpaqlarımızın Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanması, həmin ərazilərin flora və faunasını yerlə -yeksan etməsini beynəlxalq ictimaiyyətə çatdırılması baxımdan faydalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev  Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı qeyd edib:  "Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi".
Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və həm iqtisadi, həm də siyasi sahələrdə geniş imkanlar açır. Nəzərə alaq ki, belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin dünya səhnəsində artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir. COP29 konfransının Azərbaycanda təşkil olunması ölkəmizin əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirmək üçün nadir fürsətlərdən biridir. Belə ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda mövqeyini daha da gücləndirəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarının verilməsi təbii ki, ölkəmizə olan hörmətin, beynəlxalq arenada oynadığı fəal rolun nəticəsidir. Sözsüz ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.
Çox təəssüf ki, bəzi Qərb dairələri sözügedən tədbiri gözdən salmaq, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə ən çirkin vasitələrə əl atırlar. Bu prosesə Avropa dövlətlərinin təsiri altında olan vətəndaş cəmiyyətləri və media orqanları da cəlb edilib. Lakin bütün təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir və qlobal problemlərin həllinə öz töhfəsini verir. Nüfuzlu beynəlxalq təşkilatlar da öz növbəsində Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Prezident İlham Əliyev çıxışında belə cəhdlərin heç bir nəticə verməyəcəyinə əminliyini ifadə edib: "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
olaylar.az

1Mənbələr